7 C
Baku
Wednesday, March 12, 2025

EBRD Azərbaycan biznesini dəstəkləyəcək maliyyə alətlərini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda biznes və investisiya layihələrini dəstəkləmək üçün müxtəlif maliyyə alətləri, o cümlədən çevik şərtlərlə kredit, kapital investisiyaları və zəmanətlər təqdim edir.

Bu barədə EBRD-nin Azərbaycandakı ofisinin nümayəndəsi Real Hacıyev Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu” çərçivəsində panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, kreditləşdirmə EBRD-in fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır: “Şirkətlər 1 milyon avrodan 300 milyon avroya qədər, orta hesabla təxminən 20 milyon avro məbləğində maliyyə vəsaiti əldə edə bilər. Kreditləşdirmə müddəti adətən 5-7 il, infrastruktur layihələri üçün isə 20 ilə qədər ola bilər. Kreditlərin həm xarici, həm də milli valyutada ayrılması onları borcalanlar üçün əlçatan edir”.

R.Hacıyev əlavə edib ki, kreditlərdən başqa, EBRD şirkətlərə pay alətləri təklif edərək səhm satışı hesabına kapital cəlb etməyə şərait yaradır. Bankın kapitalda iştirakı 35%-ə qədər ola bilər ki, bu da biznesin borc yükünü artırmadan inkişafına kömək edir.

Bundan başqa, ticarətin və beynəlxalq sövdələşmələrin dəstəklənməsi üçün EBRD 5 aydan 3 ilə qədər müddətə 50 min avrodan 50 milyon avroya qədər məbləğdə zəmanətlər təqdim edir.

“Bu zəmanətlər ticarətin maliyyələşdirilməsi, bank öhdəliklərinin təsdiqlənməsi və nağd qaydada avansın verilməsi üçün istifadə olunur”, – R.Hacıyev qeyd edib.

O əlavə edib ki, EBRD-nin maliyyə vəsaiti biznesin inkişafı və modernləşdirilməsini, resurslardan istifadənin səmərəliliyinin artırılmasını, həmçinin birləşmə, konsolidasiya və özəlləşdirmə əqdlərini dəstəkləməyə yönəlib: “Bank dövlət-özəl tərəfdaşlığının inkişafına və şirkətlərin müasir iqtisadi şəraitə uyğunlaşmasına fəal şəkildə kömək edir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər