Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi təsis ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 06 noyabr 2024-cü il tarixində Bişkek şəhərində imzalanıb: “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və Mexanizmin dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir və əsas funksiyaları haqqında sizə təqdim edilən Sazişdə ətraflı məlumat verilib. Bura fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və s. kimi tədbirlər aiddir. Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib. Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. Mexanizmin inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və Katibliyi aid edilir. Nazirlər Şurasının tərkibi tərəflərin fəlakət və fövqəladə halların idarə edilməsinə məsul nazirlərindən ibarət olur. Şura ildə ən azı bir dəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir. TDTMMM-in Katibliyi isə məqsəd və vəzifələrin icrasına, iş fəaliyyətinin həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım göstərir. Katibliyə tərəflərin rəsmi adlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasında Nazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir. Baş katibin səlahiyyət müddəti üç ildir və bu müddət maksimum iki il uzadıla bilər. Katibliyin qərargahı isə İstanbul şəhərində yerləşir. Sazişin təfsiri və ya yerinə yetirilməsi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Sazişə əsasən, Türkiyə Respublikası Hökuməti bu Sazişin Depozitarisi olur”.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.