2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan kredit bazarında paralel kreditləşmə riskləri

Azərbaycan iqtisadiyyatının davamlı inkişaf dövrünə keçməsi, ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyuluşlarının artmasına şərait yaratmaqla yanaşı, bank sisteminə də xarici vəsait qoyuluşlarının kəskin artmasına səbəb oldu.

Kiçik həcmli mikrokreditlərin bazarın ən iri seqmentinə ünvanlana bilməsi və bununla da bazar payının əksər hissəsinə sahiblənməyin mümkünlüyünü görən banklar, kredit təşkilatlarında möhkəm girov olmadan təklif olunan kreditləşdirmə metodlarının normal işlədiyini görərək, bu cür kreditləşdirmə sxemləri ilə məhsullar hazırladılar.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bankların mikrokreditlərə marağı artdı. Bu həm mikrokreditlər üçün potensial bazarın böyüklüyü, həm də bu növ kreditlərin banklara daha çox gəlir gətirməsi ilə bağlı idı.Bazarın ən iri seqmenti üçün ünvanlanan bu kreditlər ilə banklar həmçinin, müştərilərə alternativ bank məhsul və xidmətlərini satmaqla müştəri auditoriyasının artırılması və çoxşaxəli satış kanallarının əldə edilməsini məqsəd qoyurdu. Vəsaitlərin yerləşdirilməsi və daha çox müştərinin cəlb olunması uğrunda gedən mübarizədə banklar kreditlər üçün tələb olunan ənənəvi girov növlərindən imtina etməyə və yumşaq girovlu kreditlər təklif etməyə başladılar ki, bunun da nəticəsində girov yavaş-yavaş öz vacibliyini itirdi. Bundan başqa şərtlərin daha da cəlbedici olması üçün bank və kredit təşkilatları möhkəm girov olmadan təklif edilən kreditlərin məbləğini artırılması üzərində hədəfləndilər ki,bu da bir çox paralel kreditləşdirmə risklərinin yaranmasına səbəb oldu.Gəlin bu dəfəki yazımızda həmin risklərin mahiyyətini açmağa çalışaq.

Kəskin rəqabət nəticəsində əvvəllər maksimum məbləği 2000 manata qədər olan girovsuz kreditlər bu gün 7000 bəzi banklarda isə 10000 manata qədər təklif olunur. Bu proses özündə müştərinin müxtəlif mənbələrdən kredit götürməsinə imkan verərək kredit yükünün artmasına şərait yaradır. Belə ki, əgər əvvəllər girovun məhdud həcm və sayda olması səbəbindən müştərilər paralel olaraq müxtəlif mənbələrdən kredit götürə bilmirdilərsə ,bu gün möhkəm girovun unudulması səbəbindən müştəri eyni vaxtda bir biznesi üçün müxtəlif bank və kredit təşkilatına müraciət edərək kredit götürə bilər ki,bu da öz növbəsində təyinatdan kənarlaşma və biznesin kreditlə həddindən artıq yüklənməsi kimi risklər yaradır.

Son 2 ilə qədər ,xüsusən də bankların mikrokredit bazarına möhkəm girov təminatı olmayan kredit məhsulları ilə girməsinə qədər borcalanların öz kreditlərini vaxtında ödəməyə sövq edən əsas amillərdən biri borcalanın öz kreditini vaxtlı-vaxtında qaytararsa yenidən kredit götürmə şansının yaranacağına ,ona müəyyən güzəştlərin ediləcəyinə (yeni veriləcəck kreditin məbləğinin artması,kredit faizlərinin aşağı olacağı vəs) ümidli olması idi.Eləcə də,borcalan bilirdi ki, əgər krediti vaxtlı-vaxtında qaytarmazsa bu zaman onun yenidən kredit götürmə şansı olmayacaq.Bu gün bank və kredit təşkilatlarının müştəri uğrunda amansız mübarizəsinin nəticəsi olaraq, borcalanın bu cür ehtiyatlılığı yoxdur.Kredit təşkilatının işçisi borcalana öz kreditini vaxtında qaytarmadığı təqdirdə yenidən kredit götürə bilməyəvəyini bəyan edəndə ,borcalan çox asanlıqla digər bank və təşkilatlardan kredit götürə biləcəyini bildirir.Göründüyü kimi ciddi analiz aparmadan kredit verməklə,özümüz özümüzü çətin vəziyyətə salırıq.

Son 4 ilə qədər regionlarda fəaliyyət göstərən bank və kredit təşkilatları filialları vaxtaşırı yığışır,problemli müştərilər bazasını mübadilə edirdi.Bu proses problemli müştərilərlə işə çox müsbət təsir edirdi.Belə ki,bu cür müştərilər hansısa təşkilat qarşısında öz öhdəliklərini tamamlamamış digər təşkilata müraciət edirdisə,ona Sizin başqa təşkilatda vaxtıkeçmiş kredit borcunuz var həmin öhdəliyinizi yerinə yetirməmiş biz Sizə kredit verə bilmərik deyilir və borcalanı ödəniş intizamına dəvət edirdi. Bu cür tədbirlər nəinki həmin borcalanın öz öhdəliklərini yerinə yetirməyə istiqamətləndirir ,həmçinin borcalanın ətraf çevrəsinə kredit öhdəliyini vaxtlı-vaxtında yerinə yetirməyin vacibliyini göstərirdi.Təəssüflər olsun ki,lokal səviyyədə olan bu cür tədbirlər rəqabət mühiti kəskinləşdikcə və iri bank və təşkilatların mikrokredit bazarına girməsi ilə dayandı.Kəskin rəqabət şəraitində bank və kredit təşkilatları problemli müştəri bazasını mübadilə etməyi davam etdirmək əvəzinə problem yaratmış müştərinin digər təşkilatdan kredit götürüb öz təşkilatına olan borcunu bağlaması üçün çalışmağa və bununla da riski digər banka ötürməyə başladılar.

Mikrokredit bazarına girən iri bank və kredit təşkilatlarının cəlbedici bonus sistemləri tətbiq etməsi,kredit işçisini daha çox məbləğin verilməsinə həddindən artıq maraqlı etməsi eləcə də kəskin kredit planları qoyması borcalanların dolayı ilə əlavə kredit vəsaitləri ilə yüklənməsinə səbəb olmuşdur. Artıq bazarda digər paralel kreditləşmə riskləri yaranmağa başlamışdır.Bu risk ilk növbədə lazımsız kredit təklifi və ya əlavə kredit yükü olaraq ortaya çıxmışdır.Belə ki,müştəri cəlb etmək və minimum müştəri sayını tamamlamaq üçün kredit mütəxəssisi birbaşa marketinq vasitəsilə borcalanlara iri məbləğdə girovsuz kredit təklifləri edir və bu kreditin həddindən artıq sürətli və minimum sənədləşmə ilə olacağını qeyd edərək müştərini kredit almaqda maraqlı etməyə çalışır.

Kredit analizinin əsas məqsədi kredit üçün müraciət edən şəxsin ödəniş qabiliyyətini müəyyən etmək və kreditin sərf olunacağı lahiyənin gələcəyi ilə bağlı proqnoz verməkdir.Gəlin görək 1-2 saatlıq görüş və biznes yerinə səfərlə verəcəyimiz qərarın və gələcək dövr üçün( ən azı bir illik) proqnozun düzgünlüyünü nə qədər risk altına qoymuş oluruq? Kredit işçisinin 1-2 saat kredit analizi ərzində verəcəyi qərar, müraciətçinin biznesinin daha da güclü və sağlam olmasına xidmət etməlidir.Qısa vaxt intervalını əhatə edən və müraciətçinin kredit təyinatından tutmuş gələcək gəlirləri və ödəniş imkanları ilə bağlı proqnozu əhatə edən bir prosesi bir az da qısalaşdırmaqla nəyi qazanırıq? Müraciətçilərin maliyyə idarəetmə qabiliyyətlərini dəqiq öyrənmədən,bizneslərinin maliyyə ehtiyaclarını dəqiq müəyyənləşdirmədən iri məbləğli kreditlərin verilməsi, insanların krediti təyinatından kənar istiqamətlərə sərf etməsinə bu da öz növbəsində qazanılmamış pulların xərc elementinə çevrilrək borcalanın maliyyə vəziyyətinin kəskin pisləşməsinə səbəb olur.

Burada sual yaranır. Öz reklamımızla,sürətli kreditləşmə aparmağımızla özümüz-özümüzə risk yaratmırıqmı?

Bazar iştirakçılarının sayının artması ilə yaranan digər paralel kreditləşmə riski borcalanın biznesinin analizi aparılarkən digər mənbələrdən aktiv kredit borcunun olub olmamasını aydınlaşdırmamaqdan irəli gəlir.Məsələn :Borcalan A bankına 3000 azn məbləğində kredit üçün müraciət edir.A bankının işçisi borcalanın biznesini qiymətləndirir və 3000 azn vəsaitin verilməsi üçün riskləri təhlil edərək kredit təklifini hazırlayır.Borcalan eyni zamanda 3000 azn məbləğ üçün B bankına da müraciət edir və B bankının işçisi də gəlib biznesi təhlil edir və müştərinin 3000 azn məbləği vaxtlı vaxtında geri qaytara bilmə qabiliyyətini qiymətləndirərək kredit təklifi hazırlayır.Borcalan hər iki bankdan 3000 azn kredit götürür.İndi gəlin riski təhlil edək.Müştərinin biznesi 3000 azn kredit məbləğini ödəmək qabiliyyətində olduğu halda A və B bankının bir biri ilə rəqib olması və qarşılıqlı əməkdaşlıqlarının olmaması səbəbindən hər iki bankın krediti ciddi risk altında qalmış olur.Hər iki bank müştərinin dövriyyəsində olan eyni mal qalığı və inventarlarını girov olaraq qeyd etmiş olur.Beləliklə də banklar öz vəsaitlərini ciddi riskə atmış olurlar.Kredit mütəxəssisləri qarşılarına qoyulmuş planların icrası üçün məcburən kənar paralel kreditləşmə risklərini göz altına almadan kreditləşmə aparır ,bəzən kredit planının icrası məqsədilə bilərəkdən digər mənbələrdən olan kredit borcları haqqında məlumat toplamır, bu isə öz novbəsində kreditin geri ödənilməmə risklərini artırmış olur.

Kredit analizi üzrə bir çox nəzəriyyələrdə potensial müştərilərin ödəniş qabiliyyətinə görə seqmentləşdirilməsində “müştəri piramidası” anlayışından istifadə edilir.Bu yanaşmaya əsasən nümunəvi müştəri, müştəri piramidasının üst hissəsini təşkil edir.Banklar və kredit təşkilatları daha çox müştəri cəlb etmə mübarizəsinə qatılaraq artıq bu piramidanın ən aşağı qatlarına çatmışlar ki,bu hissədə olan borcalanlar həm ödəniş qabiliyyəti həm də maliyyə idarəetməsi çox zəif olan və kredit riski yüksək olan kateqoriyadır.Bu cür insanların kreditləşdirilməsi isə sonda mövcud bazarda müştəri intizamını pozur və normal ödəniş edən müştərilərə pis nümunə olurlar.

Möhkəm girov təminatı olmayan kreditlərin idarəedilməsində kredit monitorinqinin əhəmiyyəti çox yüksəkdir.Bu gün əksər bank və kredit təşkilatlarında kredit mütəxəssisləri planların icrası və daha çox kredit verməyi qarşılarına məqsəd qoyaraq kredit monitorinqini unudurlar.Bu özü də kifayət qədər risk yaradır.Artıq bir çox bank və kredit təşkilatlarında kredit mütəxəssislərinin işdən getməsi və yeniləri ilə əvəz olunması halları xeyli artmışdır.Bu ,kredit mütəxəssislərinin bir müddət analiz aparmadan yüksək riskli kreditlər verməsi və maksimum bonus alması və gecikmələrin artması zamanı ərizə verərək başqa yerdə özünə iş tapması kimi baş verir.Göründüyü kimi ,kredit mütəxəssisi analiz aparmadan bankın vəsaitlərini riskli aktivlər yerləşdirir və çətinlik yaranan kimi ərizə verib heç bir məsuliyyət daşımadan işdən gedir.Biz qaydalarımızı asanlaşdırmaqla yenə də risklərimizin artmasının şahidi oluruq.

Beynəlxalq bank praktikasında bu cür risklərdən bankların qorunması çox da çətin deyil.Əksər inkişaf etmiş ölkələrdə kredit reyestr xidməti fəaliyyə göstərir və banklar borcalanların maliyyə vəziyyəti haqqında informasiyanı çox rahat şəkildə əldə edirlər.Eləcə də,biznes sahələrinin tam leqal şəkildə fəaliyyət göstərmələri nəticəsində, müştərilərin dövriyyəsi və balansı ilə bağlı məlumatları əldə etmək bank üçün asan olur. Azərbaycan respublikasının Mərkəzi Bankının İdarə heyətinin 03 Noyabr 2004 –cü il tarixli qərarı ilə Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında qaydalar təsdiq edilmiş və Azərbayan Mərkəzi Bankı daxilində təşkilati struktura malik olmayan məlumat bazası şəklində Mərkəzləşdirilmiş Kredit Reyestri yaradılmışdır.

Nəzəri baxımdan həm cəmiyyət həm də iqtisadiyyatın sütunu sayılan bank sistemi üçün ciddi əhəmiyyət daşıyan bu reyestrin praktik və işlək bir mexanizmə çevrilməsi eləcə də,reyestr iştirakçılarının banklarla məhdudlaşdırılmaması yuxarıda qeyd olunmuş risklərin minimuma endirilməsinə səbəb ola bilər.Əks halda kredit təşkilatlarının mərkəzi kredit reyestrinə çıxışını məhdudlaşdırmaqla 200 milyon ABŞ dollarından artıq mikrokredit portfelini risk altında qoymuş oluruq.Mənim fikrimcə bu istiqamətdə həm Azərbaycan Banklar assosiasiyasının həm də Azərbaycan Mikromaliyyə Assosiasiyasının görəcəyi işlər az deyil.

Bundan başqa paralel kreditləşmə risklərinin aradan qaldrılması üçün bank və kredit təşkilatlarında prosedur riskləri tanınmalı və kredit rəsmiləşdirilməsi prosedurlarına diqqət edilməlidir.Kredit monitorinqləri idarə olunmalı,banklarad kreditlərin auditi prosesi təkmilləşməlidir.

Bu cür risklərin aradan qaldırılması üçün beynəlxalq bank təcrübəsində məhkəmə orqanları ilə aktiv işin qurulması da xüsusi əhəmiyyətə malikdir.Əksər ölkələrdə kredit borcunu ödəməyən şəxslərlə bağlı məhkəmə prosedurlarının icrası prosesi çox effektiv şəkildə qurulmuşdur.Belə ki, şəxsin mülkiyyətində olan əmlakın satılması,hesablarına həbs qoyulması və hətta azadlıqdan məhrumetmə kimi tədbirlər alan məlumat verərək paralel kredit götürülməsi cinayət əməli hesab olunur və bununla bağlı məhkəmə orqanları tərəfindən sərt addımlar atılır.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün ölkəmizdə bu məsələ bankların əsas problemidir. Belə ki, əksər hallarda məhkəmə orqanları tərəfindən verilmiş qərarların icra olunmaması və bəzən də qərəzli şəkildə olunmaması yuxarıda qeyd etdiyimiz kimi,bazar üçün ciddi risklər yaradır və pis nümunə olur.

Son xəbərlər
Digər xəbərlər