İsrailin İrana qarşı əməliyyatının başlamasından sonra Çin hökuməti İslam Respublikasına ən azı üç “Boeing 747” yük təyyarəsi göndərib. Nəşrin məlumatına görə, birinci təyyarə iyunun 14-də, digərləri isə iyunun 15-də və 16-da havaya qalxıb. Təyyarələr Çindən qərbə doğru uçaraq və Qazaxıstanı keçərək Özbəkistan və Türkmənistana istiqamət alıb, daha sonra İrana yaxınlaşarkən radarlardan itib.
Aviasiya mütəxəssisləri “The Telegraph” qəzetinə bildiriblər ki, “Boeing 747″lər adətən hərbi texnika və silahların daşınması üçün istifadə olunur.
Qeyd olunur ki, Çin və İran ABŞ-nin rəhbərlik etdiyi dünya nizamına qarşı çıxan və çoxqütblü dünyanın tərəfdarı olan strateji tərəfdaşlardır. Tehran həm də Pekinə əsas enerji təchizatçılarından biridir.
İran və İsrail arasında münaqişə iyunun 13-də kəskinləşib. Həmin gün İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və İranın bir neçə yüksək rütbəli hərbçisini məhv edib. Tehran cavab hərbi əməliyyatına başlayıb və bu əməliyyatda Tel-Əvivi raket və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıb.
Çin İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təcavüzə, regionda gərginliyin artmasına və ya münaqişənin genişlənməsinə səbəb olan hər hansı hərəkətə qarşı olduğunu açıqlayıb.