Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
Nazir qeyd edib ki, ötən il Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub: “May ayında Quba şəhərində II Regionlararası Forum keçirilib, onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb”.