İran öz milli maraqlarını qorumaq üçün ABŞ-nin hərbi təcavüzünə bütün vasitələrlə müqavimət göstərmək hüququnu özündə saxlayır.
Bu barədə ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumundan sonra İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“ABŞ-nin İranın dinc nüvə obyektlərinə qarşı amansız hərbi təcavüzünü qəti şəkildə pisləyir. İslam Respublikası buna bütün gücü ilə müqavimət göstərmək, həmçinin öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək hüququnu özündə saxlayır”, – məlumatda bildirilir.
Bəyanatda qeyd edilib ki, bu hücum nüvə silahlarının yayılmaması rejiminə dəhşətli zərbədir.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb.