İyunda Bakıda ilk dəfə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Reporta daxil olan xəbərə görə, tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.
Plana əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.
“Formula-1” şəhərciyinin olduğu Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulan məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.
Qeyd edək ki, nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılıb. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər (1), ikinci zonaya trekin əhatə etdiyi “Azadlıq” meydanı və yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.
Qeyd edək ki, 1-ci zonaya aid nişanları İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq. 2-ci və 3-cü zonalara aid ətraflı məlumatı (012) 492-09-02 telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı Şəhər İcra Hakimiyyətindən əldə etmək mümkündür.
1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə “Azadlıq” prospekti tərəfdən olacaq.
Bununla əlaqədar qırmızı. mavi və çəhrayı rənglərdən ibarət xəritə hazırlanıb. Xəritədə qırmızı rənglə göstərilən küçələrdə 14-21 iyun tarixlərində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, mavi rənglə göstərilən küçələrdə isə nəqliyyatın hərəkətinə icazə veriləcək, ancaq bu yerlərdə parklanma qadağan olunacaq. Çəhrayı rəngdə olan küçələrdə ancaq yarışla əlaqədar akkreditasiyaya sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.
Həmin günlər ərzində xəritədə rənglərlə verilən bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Həmçinin trekin əhatə etdiyi qapalı zonalara əvvəlcədən təyin olunmuş yeraltı və yerüstü keçidlər vasitəsilə daxil ola biləcəklər. İyunun 16-ı günorta saat 12:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.