Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri problemli kreditləri artan banklarla bağlı proqram olduğunu deyib.
“Problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə bizim ayrıca proqramımız var. Banklar qısamüddətli likvidliklə üzləşərsə, artıq biz bu vəziyyəti nəzarətə götümüşük və hökümət həmin banklara likvidliklə əlaqədar yardım etməyi planlaşdırır”. Bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, əgər hər hansı kommersiya bankının likvidlik dəstəyi ilə bağlı problemi yaranarsa, həmin banka dövlət tərəfindən problemlərin həlli üçün kifayət qədər maliyyə resursları ayrılır:
“Bəzi vətəndaşlar banklarda yerləşdirdikləri depozitləri geri almaqda çətinlik çəkirlər”.
“O ki qaldı əhalinin öz ödəliklərini icra etməməsi, insanların götürdükləri kreditləri qaytarmamasına, bizim insanlara qarşı hər hansı bi təsir tədbirlərimiz yoxdur. Biz insanları cəzalandırmırıq. Onları sadəcə intizamlı olmağa dəvət edirik. Digər tərəfdən isə aktivlərinin keyfiyyəti pisləşən banklar daha aktiv kredit verməyə çətinlik çəkirlər. Bu isə o deməkdir ki, bir insan əgər öz kreditini vaxtında ödəmirsə, digəri biznesi yaxud şəxsi istehlakı üçün kredit almaqda çətinlik çəkir. Bəziləri isə bankda yerləşdirdiyi depozitlərin geri alınmasında çətinlik çəkir. Bunların hamısı bir-biri ilə əlaqəli məsələlərdir”.
Sədr bildirib ki, onların əsas məqsədi hər üç tərəfi – həm banklar, həm depozit sahibləri, həm də kredit almaq istəyən şəxslərin bu maliyyə vasitəçiliyi xidmətlərindən keyfiyyətlə faydalana bilməsidir.
Aprelin 5-də MBNP Direktorlar Şurasında keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.
Həmçinin qeyd olunub ki, palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır. Qurum mayın 5-də isə kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırıb.
Məlumata əsasən, banklar xarici valyutada kreditləri bəzi şərtlərlə verə bilərlər. Həmin şərtlərin yaxın vaxtda ictimaiyyətə açıqlanacağı bildirilir. Hazırki dövrdə isə əksər banklar istər xarici, istərsə də yerli valyuta ilə kreditlərin verilməsini dayandırıb.
ANS PRESS