“PASHA Holding”in Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” 2025-ci ilin ilk yarısında güclü maliyyə nəticələri nümayiş etdirib. Belə ki, bankın xalis mənfəəti 3.99 mln. gürcü larisi* (2.5 mln. manat) olmaqla və əvvəlki ilin analoji dövründəki 2.59 mln. lari ilə müqayisədə 54% artıb. Banker.az bunu bankın yarımillik audit hesabatına istinadən xəbər verir.
Beləliklə, “PASHA Bank Georgia” xalis mənfəəti ilə Gürcüstanın bank sektorundakı göstəricini xeyli üstələyir. Qeyd edək ki, cari ilin ilk 6 ayında Gürcüstandakı kommersiya bankları ümumilikdə 1,55 milyard lari xalis mənfəət əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 6% artımdır.
Törəmə bankın faiz gəlirləri 26.2 mln. lari səviyyəsinə yüksələrək ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 mln. lari, yəni 6,5% artım göstərib. Faiz gəlirlərində mühüm pay 18.2 mln. lari ilə əsas fəaliyyət istiqaməti olan müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirləridir. Faiz xərcləri isə 13.5 mln. lari olub və əvvəlki ilin 10.7 mln. lari səviyyəsindən yüksəlib. Nəticədə xalis faiz gəliri 12.7 mln. lari təşkil edib. Bankın qeyri-faiz gəlirləri 7.8 mln. lari olub və əvvəlki ilin göstəricisi 8.2 mln. lari ilə müqayisədə cüzi azalma müşahidə olunub.
Əməliyyat xərcləri isə 15.4 mln. lari olub, ötən ilin 18.2 mln. lari ilə müqayisədə 15% azalması bankın xərclərinin optimallaşdığını göstərir.
BALANSI…
Bankın balans hesabatında da güclü mövqe saxlanılıb. Cəmi aktivlər son bir ildə 619.6 mln. laridən 621.4 mln. lariyə yüksəlib. Bununla belə, cari ilin əvvəlində bu rəqəm 707 mln. lari səviyyəsində idi.
Bank son bir ildə müştəri kreditlərini 290.5 mln. laridən 343.7 mln. lariyə qaldırıb. Bu kredit portfelinin son bir ildə 18% böyüməsi deməkdir. Xüsusən də, kredit portfelindəki əsas aktivlər – ticarət və xidmətə verilən kreditlərin həcmi 183.3 mln. lari olub. Aktivlərindəki ikinci önəmli paya sahib investisiya qiymətli kağızlar 82.1 mln. lari səviyyəsindədir. Bu ötən ilin eyni dövründə 68.7 mln. lari idi.
Kommersiya bankının depozit portfelinin həcmi illik müqayisədə cüzi azalma ilə 365.4 mln. lari olub.
2025-ci ilin iyun ayı üzrə kapital adekvatlıq əmsalı 24.08% olmaqla Gürcüstan Milli Bankının müəyyən etdiyi 22.37%-lik bençmarkı üstələyir.
*Azərbaycan Mərkəzi Bankının 30 iyun 2025-ci il tarixinə 1 Gürcü larisi 0.6243 manat təşkil edib.