“Elliott Investment Management” investisiya holdinqi “PepsiCo”da 4 milyard dollarlıq pay alıb, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazır.
Dünyanın ən böyük qazsız içki istehsalçılarından biri olan “PepsiCo” son illərdə bazar payını bərpa edə bilmir və rəqiblərinə uduzur. Şirkətin bir vaxtlar əsas drayveri sayılan qida məhsulları istehsalı sahəsi təzyiq altındadır. Qeyd edək ki, şirkətin əsas içkisi “Pepsi” hazırda ABŞ-də satış həcminə görə dördüncü yerdədir.
“PepsiCo”nun problemləri son aylarda ticarət müharibəsi və istehlakçı əhval-ruhiyyəsinin pisləşməsi fonunda daha da dərinləşib. Şirkətin bazar kapitallaşması 2023-cü ilin mayında qeydə alınan 270 milyard dollarlıq pik səviyyədən 25%-dən çox düşərək hazırda 200 milyard dollardan bir qədər artıqdır. WSJ mənbələrinin qeyd etdiyinə görə, 4 milyard dollarlıq payla “Elliott” indeks fondları istisna olmaqla “PepsiCo”nun ən aktiv beş səhmdarı sırasındadır.
“PepsiCo”nun səhmləri çərşənbə axşamı ilkin ticarətdə 5% bahalaşıb. Cari ilin əvvəlindən onların dəyəri 2% azalıb. Şirkətin digər brendləri arasında “Mountain Dew”, “Gatorade, Lay’s”, “Doritos” və “Quaker Oats” da var. Bu il “PepsiCo” azkalorili qazlı içkilərin məşhur brendi “Poppi”ni, ötən il isə çips və tortilla istehsalçısı “Siete Foods”u satın alıb.