25 C
Baku
Wednesday, September 10, 2025

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Türkiyə Qara dənizdə qaz hasilatını artırır. Yerli qazın tədarükü artıq bu gün 4 milyon abonenti mavi yanacaqla təmin etməyə imkan verir, lakin bu, kifayət deyil.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Ankara Türkiyənin özündəki yataqlarla yanaşı, Mərkəzi Asiya, Afrika və Yaxın Şərq ölkələrində birgə enerji layihələrinə ümid edir.

A.Bayraktar daxili enerji infrastrukturunun inkişafına investisiyaların artmasına diqqət çəkib. “2030-cu ilə qədər olan dövrdə Türkiyənin qaz anbarlarının tutumu 12 milyard kubmetr qazın yığılmasına imkan verəcək ki, bu da respublikanın tələbatının 20 faizini ödəyəcək”, – deyə Energetika Nazirliyinin rəhbəri bildirib.

Nazir qeyd edib ki, qaz anbarlarının modernləşdirilməsi Avropa bazarlarına qaz ixracını da artırmağa imkan verəcək. “Bununla da, biz bir tərəfdən Türkiyənin enerji təhlükəsizliyinə töhfə veririk, digər tərəfdən isə Avropaya qaz nəqlini artırmağı hədəfləyirik”, – deyə A.Bayraktar əlavə edib.

O, həmçinin vurğulayıb ki, son proqnozlara görə, yaxın 30 ildə Türkiyənin elektrik enerjisinə ehtiyacı 3 dəfə artacaq: “Bu gün Türkiyə saatda təxminən 350 teravatt (TWh) istehlak edir, halbuki üç onillikdən sonra ölkənin 1000 TV/saata ehtiyacı olacaq”.

A.Bayraktarın fikrincə, Türkiyə hökumətinin mühüm prioritetlərindən biri bərpaolunan enerji mənbələridir (BEM).

“2035-ci ilə qədər ölkəmizdə BEM hesabına elektrik enerjisi istehsalı 4 dəfə artacaq. Eyni zamanda, biz növbəti onilliklərdə modul enerji reaktorlarından da istifadə etməyi planlaşdırırıq”, – deyə türkiyəli nazir sözünü yekunlaşdırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər