2025-ci ilin ilk yeddi ayında Azərbaycanın misdən çubuq və profillər ixracı əvvəlki ilin eyni dövrünə nisbətən azalıb.
Banker.az xəbər verir ki, ixrac həcmi 1 milyon 197 min tondan 1 milyon 75 min tona enərək 10% azalıb, dəyəri isə 6.3 milyon dollardan 5.8 milyon dollara düşüb ki, bu da 8% azalma deməkdir.
Beləliklə, orta ixrac qiyməti 2024-cü ildə hər ton üçün 5 280 dollar olduğu halda, 2025-ci ildə 5 426 dollara yüksəlib.
Londona Metal Birjası (LME) misin spot qiymətləri hal-hazırda ton üçün təxminən 9 855 ABŞ dolları səviyyəsindədir. 2024-cü ildə mis üçün tipik LME qiymətləri ton başına 8 700-9 000 dollar civarında olub.
Oxşar yazı: Azərbaycan mis hasilatını 20 dəfə artırıb
Türkiyəyə ixrac həcmi 837 min tondan 787 min tona enərək 6% azalıb. Dəyər 4.5 milyon dollardan 4.3 milyon dollara düşüb ki, bu da 5% azalma deməkdir. Orta qiymət isə hər ton üçün 5419 dollardan 5470 dollara qalxıb.
Birləşmiş Ərəb Əmirliklərinə göndərilən məhsul həcmi kəskin artaraq 72 min tondan 216 min tona çatıb, bu da üç dəfədən çox – 200% artım deməkdir. İxrac dəyəri isə 387 min dollardan 1.15 milyon dollara yüksələrək 198% artıb. Orta qiymət əvvəlki ildə hər ton üçün 5375 dollar olduğu halda, 2025-ci ildə 5338 dollara enib.
Sinqapura ixrac 75% azalma ilə 72 min tona (370 min dollara) düşərək azalıb. Orta qiymət isə 4889 dollardan 5 133 dollara qalxıb.
Türkmənistana 2025-ci ildə cəmi 40 ton həcmində 6.7 min dollarlıq məhsul ixrac olunub. Orta qiymət hər ton üçün 168 min dollara bərabər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda mis konsentratının istehsalı 2 270,6 ton təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 dəfə artıb.