23 C
Baku
Monday, October 6, 2025

“Tesla” və “OpenAI”də muzdlu işdən $12 milyardlıq startapa qədər: Mira Muratinin karyera yolu

OpenAI-dan əvvəlki həyat

Mira Murati 1988-ci ildə Albaniyada, kommunist rejimin süqutundan bir neçə il əvvəl dünyaya gəlib. Onun valideynləri ədəbiyyat müəllimləri olub. Mira isə uşaq yaşlarından riyaziyyat və təbiət elmlərinə maraq göstərib, olimpiadalarda iştirak edib. 16 yaşında “United World Colleges” təqaüdünü qazanaraq Kanadada kollec təhsilinə yollanıb.

Məzun olduqdan sonra o, iki diplomlu proqramda təhsil alıb və eyni vaxtda iki dərəcə qazanıb — riyaziyyat ixtisası üzrə humanitar elmlər bakalavrı və maşınqayırma üzrə mühəndislik bakalavrı.

O, karyeranı 2011-ci ildə qurmağa başlayıb.

  • Əvvəlcə “Goldman Sachs”ın Tokio bölməsində analitik kimi təcrübə keçib.

  • 2012-ci ildə “Zodiac Aerospace” aerokosmik şirkətində mühəndis kimi işləməyə başlayıb.

  • 2013-cü ildən “Tesla”da məhsul üzrə baş menecer vəzifəsində üç il çalışaraq “Tesla Model X” komandasına rəhbərlik edib.

  • Daha sonra “Leap Motion” adlı artırılmış reallıq (AR) startapına məhsul və dizayn üzrə vitse-prezident qismində qoşulub və iki il insan-kompüter qarşılıqlı əlaqəsi (HCI) texnologiyalarına həsr edib.

OpenAI-də vitse-prezidentdən direktora qədər

2018-ci ilin iyununda Murati “OpenAI”də tətbiqi süni intellekt (Sİ) və tərəfdaşlıqlar üzrə vitse-prezident vəzifəsini tutub. 2020-ci ilə qədər o, məhsul, tədqiqat və tərəfdaşlıqlar üzrə baş vitse-prezident olub, 2022-ci ildə isə texniki direktor təyin edilib.

“Fortune” jurnalına görə, Murati “OpenAI”ni tədqiqat laboratoriyasından beynəlxalq süni intellekt bazarının əsas oyunçularından birinə çevirməkdə mühüm rol oynayıb: o, “ChatGPT” çat-botu, “DALL-E” təsvir generatoru, “Codex” inkişaf agenti və “Sora” video modeli üzərində çalışan komandaları kurasiya edib.

Nəhayət, 2023-cü ildə şirkətin idarə heyəti Sem Altmanı vəzifədən uzaqlaşdıraraq Muratini müvəqqəti baş direktor təyin edib və onun “bütün proseslərə dərindən bələd olduğunu və unikal bacarıqlara malik” olduğunu bildirib.

Yeni vəzifəsində o, cəmi üç gün çalışıb, lakin həmin ilin sonunda “Financial Times” və “Fortune” onu biznesdə ən nüfuzlu qadınlardan biri kimi tanıyıb. 2024-cü ildə Murati Dartmut kollecindən süni intellektin inkişafına töhfəsinə görə fəxri doktorluq dərəcəsi alıb və “Time” jurnalının “Süni intellekt sahəsində ən nüfuzlu fiqurlar” siyahısına düşüb.

Heç bir məhsul təklif etməyən $12 milyardlıq startap

2024-cü ilin sentyabrında Murati “OpenAI”dən ayrıldığını və “öz tədqiqatları ilə məşğul olacağını” açıqlayıb. Fevral 2025-də isə o, “Thinking Machines Lab” adlı Sİ startapının yaradıldığını elan edib. “Fortune”nin məlumatına görə, o, komandasında “OpenAI”, “Google”, “Meta”, “Mistral” və “Character AI” şirkətlərindən gəlmiş təxminən 30 mütəxəssisi birləşdirib.

Murati startapın rəhbəri oldu. Baş elmi işçi vəzifəsini “OpenAI”nin həmtəsisçisi Con Şulman, texniki direktor vəzifəsini isə “OpenAI”nin post-öyrədici bölməsinin keçmiş vitse-prezidenti Barret Zof tutdu. “Business Insider”in əldə etdiyi sənədlərə görə, startap bəzi mütəxəssislərə illik 500 min dollara qədər maaş (bonus və opsionlar istisna olmaqla) təklif edir.

2025-ci ilin iyulunda “Thinking Machines Lab” 12 milyard dollarlıq qiymətləndirmə ilə 2 milyard dollar investisiya cəlb edib. “FT”nin mənbələri bildirirlər ki, layihə nə üzərində işlədiyi açıqlamır, amma investorları cəlb etmək üçün Muratinin adı və reputasiyasından istifadə edir. İnvestisiya raunduna “Andreessen Horowitz”, eləcə də “Nvidia”, “Accel”, “AMD” və “Cisco” da qatılıb.

Oktyabrda şirkət ilk məhsulunu təqdim edib — bu, “Tinker” adlı Sİ modellərinin təkrar öyrədilməsi (fine-tuning) üçün API-dir. Öyrədilmə prosesi şirkətin infrastrukturunda həyata keçirilir: resurslar bölüşdürülür və xətaların sazlanması izlənilir. Başlanğıcda həll pulsuz təqdim olunur, lakin yaxın zamanda monetizasiya planlaşdırılır.

Yayda “WSJ” yazırdı ki, Mark Zukerberq “Thinking Machines Lab”ı satın almağı təklif edib. Rədd cavabı aldıqdan sonra o, təxminən 50 nəfərlik komandanın onlarla üzvü ilə əlaqə saxlayaraq onları öz şirkətinə dəvət etməyə çalışıb, lakin burada da imtina cavabı alıb.

Son xəbərlər
Digər xəbərlər