2025-ci il kimya üzrə Nobel mükafatı üç alimə verilib: Susumu Kitaqava (Yaponiya), Riçard Robson (Avstraliya) və Omar M. Yaqi (ABŞ). Alimlər “metal-üzvi çərçivə konstruksiyalarının inkişafına görə” mükafatlandırılıb.
Ötən il mükafata professor Devid Beyker, eləcə də “Google DeepMind” şirkətinin baş direktoru və baş elmi əməkdaşı Demis Hassabis və Con Camper layiq görülüblər — onlar zülallar sahəsindəki tədqiqatlarına və “onların quruluş kodunun açılması”na görə təltif ediliblər.
Kimya üzrə Nobel mükafatı 1901-ci ildən təqdim olunur. Onun tanınmış laureatları arasında Ernest Rezerford və Mariya Kyuri də var. Ən çox hallarda mükafat ABŞ nümayəndələrinə verilib (70 dəfədən çox).
9 oktyabr saat 15:00-da (Bakı vaxtı ilə) Nobel Komitəsi ədəbiyyat üzrə mükafat laureatını elan edəcək. 10 oktyabr saat 13:00-da isə sülh üzrə Nobel mükafatının qalibi açıqlanacaq.