Son günlər dünya birjalarında qızılın qiymətində kəskin eniş müşahidə olunub.
Ekspertlər qızılın ucuzlaşmasının müvəqqəti olması fikrindədirlər. Beynəlxalq ekspertlər hesab edir ki, bu qısa müddətli dalğalanma uzunmüddətli trendi dəyişməyəcək və qiymətli metal yenidən bahalaşacaq.
Qeyd edək ki, Nyu-York Əmtəə Birjasında hazırda qızılın bir unsiyasının qiyməti 4267 dollardır. Bir gün əvvəl bu qiymət 4392 dollar idi ki, bu da bir gündə təxminən 125 dollarlıq ucuzlaşma deməkdir. Analitiklər bunu qısa müddətli satış dalğası – investorların əvvəlki yüksək qiymətlərdə qazanc götürməsi ilə izah edirlər.
Nüfuzlu beynəlxalq maliyyə qurumları və investisiya bankları qızılın qiymətinin yaxın illərdə davamlı yüksələcəyini proqnozlaşdırırlar. Məsələn, HSBC qiymətin 2026-cı ilin birinci yarısında 5 min dollara qədər yüksələcəyini proqnozlaşdırır. “Goldman Sachs”ın analitikləri isə 2025-ci ilin sonuna qədər qiymətin 4.900 dollara çatacağını, 2026-cı ildə 5 min dollardan çox bahalaşacağını proqnozlaşdırırlar. “Bank of America” gələn il hətta qiymətin 6 min dollara yüksələcəyi qənaətindədir.
Qızılın bahalaşmasının əsas səbəbi kimi analitiklər geosiyasi gərginlikləri, mərkəzi bankların artan alışlarını və ABŞ-də faizlərin azalması faktorlarını göstərirlər.