17 C
Baku
Thursday, October 23, 2025

Dövlət Neft Fondunun hərraclarda valyuta satışı illik $1.4 mlrd. azalıb – 9 aylıq hesabat

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 milyard 350 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in rüblük hesabatında qeyd edilir.

Son hesablamalarımıza əsasən, ARDNF keçən ilin ilk üç rübündə ümumilikdə 5 mlrd. 745 milyon ABŞ dolları satmışdı.

Beləliklə, ARDNF-in hərraclardakı valyuta satışları öncəki ilin eyni dövrü ilə müqayisədə 1 milyard 395 milyon və ya 24 faiz az olub.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki,

2025-ci ilin ilk doqquz ayında nağd valyuta bazarında satış tərəfdən təklif tələbi 230 milyon ABŞ dolları üstələyir.

“Yəni əhali nəinki [banklardan] valyuta alıb, daha çox valyuta satıb. Bu da bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bununla qiymətləndiririk”, baş bankir qeyd edir.

Press-rellizdə isə bildirilmişdi ki, xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.

AMB sədri dünən dedi ki, valyuta bazarında tələbin təklifdən az olması davam etsə, yəqin ki, biz alış yönlü müdaxilə edəcəyik.

“Amma hər hansı bir məbləğ söyləməyimiz düzgün olmaz. Hazırda 9 ayın nəticələrinə baxdıqda valyuta bazarında təklif kifayət qədər yüksəkdir.

Belə olduqda, ehtimal ki, biz valyuta bazarına alış yönlü müdaxilə edəcəyik. Amma bu məbləğin 600 milyon dollar, 300 milyon dollar və ya 900 milyon dollar olacağını söyləməyimiz doğru olmaz. Çünki ilin sonuna kimi hələ büdcə xərcləri var və bunları nəzərə almaq lazımdır”, – o qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər