Ermənistan Rusiya ilə “Tramp Marşrutu” layihəsi (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi – red.) çərçivəsində mümkün əməkdaşlıq sahələrini müzakirə etməyi planlaşdırır.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində büdcə müzakirələri zamanı bildirib.
“Tramp Marşrutu” çərçivəsində Rusiya tərəfi ilə əməkdaşlığın müzakirə edilib-edilmədiyi barədə suala Mirzoyan cavab verib ki, rusiyalı tərəfdaşlarla mövcud və potensial qarşılıqlı təsir mexanizmləri, eləcə də yeni maraqlı əməkdaşlıq sahələri müzakirə edilib.
O qeyd edib ki, Ermənistanın mövcud dəmir yolu infrastrukturu Cənubi Qafqaz Dəmir Yollarının (Rusiya Dəmir Yollarının törəmə şirkətinə – red.) konsessiya idarəçiliyinə verilib, lakin müzakirə olunan TRIPP hissəsi (Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələri – red.) hələ tikilməyib, ona görə də onun da idarəçiliyə verilməsi barədə danışmaq hələ tezdir.
Gümrü-Qars marşrutu üzrə Türkiyə ilə əməkdaşlıq barədə soruşulduqda Mirzoyan cavab verib ki, bu məsələ də gündəmdədir.







