“Microsoft” və “OpenAI” restrukturizasiya barədə razılığa gəlib. “Reuters” xəbər verir ki, razılaşmaya əsasən, qeyri-kommersiya təşkilatı “OpenAI Foundation” kommersiya məqsədli “OpenAI Group PBC”ni idarə edəcək. Bu dəyişiklik sayəsində “OpenAI” artıq kapital və investisiya cəlb etmək üçün əvvəlki məhdudiyyətlərdən azad olacaq, çünki əvvəllər qeyri-kommersiya statusu buna mane olurdu.
“OpenAI”nin baş direktoru Sem Altman “Microsoft” ilə rekapitalizasiya sazişi bağlandıqdan sonra canlı yayım zamanı bildirib ki, IPO (birja çıxışı) şirkətin inkişafı üçün ən real istiqamətdir, çünki süni intellekt sistemlərinin yaradılması və təlimi üçün çox böyük maliyyə vəsaiti tələb olunur.
“Əgər siz mənə desəydiniz ki, OpenAI gələn il birjaya çıxacaq, təəccüblənməzdim. Düşünürəm ki, bu, tarixdəki ən uğurlu IPO-lardan biri ola bilər,” – deyə “OpenAI”nin biznes tərəfdaşı və investoru, “Nvidia”nın baş direktoru Censen Xuanq 28 oktyabrda keçirilən proqramçılar konfransında bildirib.
“Kaş ki, layihənin əvvəlində daha çox sərmayə qoysaydıq”,– deyə o əlavə edib.
Altman həmçinin qeyd edib ki, “OpenAI”nin 1,4 trilyon dollarlıq maliyyə öhdəlikləri var və bu vəsait növbəti bir neçə il ərzində təxminən 30 qiqavatt gücündə məlumat emalı mərkəzləri infrastrukturu yaratmağa imkan verəcək. Uzunmüddətli hədəf isə hər həftə 1 qiqavatt enerji hasil edə bilən məlumat mərkəzi qurmaqdır. Altmanın sözlərinə görə, hər qiqavattın tikinti dəyəri təxminən 50 milyard dollardır, lakin o, bu məbləği 20 milyard dollara qədər azaltmağı planlaşdırır.
Yeni “OpenAI Group PBC” kommersiya şirkəti kimi fəaliyyət göstərəcək və “Microsoft” artıq “OpenAI”ya hesablama gücü təmin etməkdə üstünlük hüququna malik olmayacaq.
Şirkətin sürətlə böyüməsi fonunda “Microsoft” ilə əvvəlki razılaşma “OpenAI”nin xarici investorları cəlb etmək və hesablama xidmətləri üzrə yeni müqavilələr bağlamaq imkanlarını məhdudlaşdırıb. Bu, “ChatGPT” istifadəçilərinin çoxluğu və yeni modellər üzrə aparılan tədqiqatlar səbəbindən hesablama resurslarına artan tələbatla bağlı olub.
Qeyd edək ki, “OpenAI Foundation” “OpenAI Group”un 26% səhminə sahibdir və şirkət müəyyən göstəricilərə çatdığı halda əlavə səhmlər almaq hüququna malik olacaq.






