ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çindən idxal olunan mallara tətbiq edilən əlavə gömrük rüsumlarını azaltmağı planlaşdırır. Bu rüsumlar fentanil qaçaqmalçılığı ilə bağlı səbəblərə görə tətbiq edilmişdi. Trampın sözlərinə görə, bu qərar Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşün nəticələrinə əsaslanacaq.
“Mən gözləyirəm ki, biz rüsumları azaldacağıq, çünki inanıram ki, onlar (Çin) bizə fentanil məsələsində kömək edəcəklər”, — deyə ABŞ prezidenti bildirib.
ABŞ və Çin liderlərinin görüşü 30 oktyabrda Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində baş tutacaq.
Amerika lideri bildirib ki, görüşə nikbin ruhda hazırlaşır və “əla nəticələr verəcək görüş” olacağını gözləyir. Onun sözlərinə görə, bu görüş “bir çox məsələlərin həllinə” kömək edə bilər. Tramp həmçinin Rusiya ilə əməkdaşlıq, Ukraynada münaqişənin tənzimlənməsi və Çinin nüvə silahlarının azaldılması prosesinə qoşulması mövzularını da müzakirə etməyi planlaşdırır.







