Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin sentyabr ayında orta hesabla 128.8-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0.7% azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.4% artıb.
Dövr ərzində ət məhsulları üzrə qiymət indeksi artıb, şəkər, bitki yağları, süd və taxıl məhsulları üzrə isə azalıb.
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsullarının Qiymət İndeksi sentyabr ayında orta hesabla 105.0 bənd təşkil edib:
Avqust ayına nisbətən 0.6 bənd (0.6%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5 bənd (7.5% ) azalıb.
Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri :
Avropa İttifaqı, Şimali Amerikanın əsas istehsalçı ölkələrində və Rusiya Federasiyasında yüksək məhsuldarlıq fonunda buğda qiymətinin azalması;
Braziliya və ABŞ-də bol tədarük proqnozları əsasında qarğıdalı qiymətinin azalması;
Düyü qiymətinin azalması.
BİTKİ YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 167.9 bənd təşkil edib:
Avqust ayına nisbətən 1.2 bənd (0.7%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.0 bənd (18.0%) artıb.
Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri :
Malayziyada avqust ayı ehtiyatlarının gözləniləndən daha yüksək olması fonunda palma yağı qiymətinin azalması;
Sentyabrın sonunda soya paxlası və ondan əldə edilən məhsullar üzrə ixrac vergilərinin müvəqqəti dayandırılmasından sonra Argentinadan artan tədarükün təzyiqi fonunda qlobal soya yağı qiymətinin azalması.
ƏT MƏHSULLARI
Ət Qiyməti İndeksi sentyabr ayında orta hesabla 127.8 bənd təşkil edib:
Avqust ayına müqayisədə 0.9 bənd (0.7%) artıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 bənd (6.6%) artıb.
Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:
Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksək tələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb və Okeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətinin artması.
SÜD MƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 148.3 bənd təşkil edib:
Avqust ayı ilə müqayisədə 4.0 bənd (2.6%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8 bənd (9.0%) artıb.
Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:
Yeni Zelandiyada yüksək təklif fonunda kərə yağı qiymətinin azalması;
Süd tozu qiymətinin azalması.
ŞƏKƏR
Şəkər Qiymət İndeksi sentyabr ayında orta hesabla 99.4 bənd təşkil edib:
Avqust ayına nisbətən 4.2 bənd (4.1 faiz) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 bənd (21.3%) azalıb.
Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri:
Braziliyada böyük əzmə həcmləri və yüksək məhsuldarlıq fonunda şəkər qiymətinin azalması;
Hindistan və Taylandda bol musson yağışlarından sonra, genişlənmiş əkinlərlə birlikdə əlverişli məhsul fonunda şəkər qiymətinin azalması.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 106,8 faiz təşkil edib.
Eyni zamanda yalnız bu ilin sentyabr ayında isə ölkədə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,1 faizə bərabər olub.







