“Bloomberg” yazır ki, ABŞ şirkətlərinin builki “Qara cümə” endirimləri əvvəlki illərlə müqayisədə daha kiçik olacaq, çünki idxal rüsumlarının artması qiymətləri yüksəldib.
“GlobalData” şirkətinin idarəedici direktoru Nil Sonders bildirib ki, bu il “Qara cümə”də “məntiqli, amma təvazökar” endirimlər gözlənilir, lakin bir çox hallarda endirimlər qiymət artımı fonunda keçiriləcək. “Circana” tədqiqat şirkətinin pərakəndə satış üzrə baş məsləhətçisi Marşal Koen isə qeyd edib ki, bu bayram mövsümündə endirimlər çox olacaq, amma endirim dərəcələri əvvəlki illərdən aşağı qalacaq. Şirkətlər artıq məhsul sifarişlərini azaldır, çünki stok yığılmasından və ucuzlaşmadan yaranan zərərdən qaçmaq istəyirlər. Onun fikrincə, şirkətlər əsasən anbar qalıqlarını satacaqlar.
11 noyabrda ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun tətbiq etdiyi idxal rüsumları ləğv edilərsə, ABŞ 3 trilyon dollardan çox itirəcək və bu ölkə üçün bərpaolunmaz zərər olacaq.
ABŞ Konqresinin Büdcə İdarəsinin oktyabr hesabatına görə, 2025 maliyyə ilində rüsumlardan gəlirlər 195 milyard dollar təşkil edib — bu, ötən illə müqayisədə 118 milyard dollar çoxdur.








