15 C
Baku
Wednesday, November 12, 2025

Gələn il işsizliyə görə ödəniş alanların sayı artacaq

2026-cı ildə işsizliyə görə sığorta ödənişləri üçün 28 milyon manat vəsait nəzərdə tutulur. Bu məbləğ 2024-cü ilin icra göstəricisindən 14.5 milyon manat və ya 107.4%, cari ilin gözlənilən icrasından isə 11 milyon manat və ya 64.7% çoxdur.

Bu barədə məlumat Hesablama Palatasının İşsizlikdən sığorta fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

Gələn il işsizliyə görə sığorta ödənişləri Fondun xərclərinin 10.5%-ni əhatə edir.

2025-ci ilin I yarısı üzrə işsizliyə görə sığorta ödənişləri 9.9 milyon manat, 9 ay ərzində isə 14.5 milyon manat həcmində xərclənib. Bu, proqnoz göstəricisinin müvafiq olaraq 58.2% və 85.3%-ni təşkil edir. Hazırkı icra göstəriciləri və orta aylıq xərc hesablamaları göstərir ki, ilin sonunda təsdiq olunmuş məbləğdən daha çox vəsait tələb oluna bilər.

2024-cü ildə işsizliyə görə ödəniş 9 491 nəfər üçün təyin edilmiş, ümumilikdə isə 11 340 nəfər ödəniş almışdı ki, onlardan 2094 nəfər əvvəlki ildən ödəniş alan şəxslər idi. 2025-ci ilin sonunda ödənişin 13 388 nəfərə, 2026-cı ildə isə 16 049 nəfərə çatdırılması planlaşdırılır. Bu şəxslərdən müvafiq olaraq 7711, 11229 və 13321 nəfər minimum sığorta ödənişi alacaq.

Adambaşına düşən orta aylıq məbləğ isə 2024-cü ildə 414.02 manat, cari ilin sonunda 441.67 manat, 2026-cı ildə isə 450 manat proqnozlaşdırılır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər