15 C
Baku
Friday, November 14, 2025

ABŞ-nin “Carlyle” investisiya fondu LUKOIL-in aktivlərini almaq imkanlarını araşdırır

ABŞ-nin “Carlyle” investisiya fondu neft şirkəti LUKOIL-in xaricdəki aktivlərini almaq imkanlarını araşdırır. Bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat verib.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, “Carlyle” LUKOIL-in aktivlərini alma ehtimalını araşdırmağa yeni başlayıb. Digər mənbə isə bildirib ki, fond ABŞ-də biznes fəaliyyəti üçün lisenziya almaq və daha sonra yoxlama aparmaq üçün müraciət etmə variantını araşdırır. Bununla belə, mənbə qeyd edib ki, amerikalı şirkət hələ də fikrini dəyişə bilər.

Eyni zamanda agentliyin üçüncü mənbəsi bildirib ki, “Carlyle” artıq LUKOIL-i şirkətin xarici aktivlərini almaq niyyəti barədə məlumatlandırıb.

22 oktyabrda ABŞ Maliyyə Nazirliyi “Rosneft”, LUKOIL və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər şirkətlərin ABŞ-dəkı bütün aktivlərinin dondurulmasını və amerikalı təşkilatlara onlarla biznes aparmağı qadağan edir.

Oktyabrın sonunda LUKOIL şirkətin xaricdəki aktivlərinin İsveçrə treyderi “Gunvor” tərəfindən alınması təklifi aldığını açıqlayıb. Lakin bir həftə sonra treyder ABŞ Maliyyə Nazirliyinin Ukraynadakı münaqişə bitənə qədər biznes üçün lisenziya verməkdən imtina etməsi səbəbilə təklifi geri çəkib.

11 noyabrda “Bloomberg” agentliyi Avropa ölkələrinin sanksiyalardan sonra şirkətin neft emalı zavodlarından istifadə üçün ABŞ-dan lisenziya tələb edərək LUKOIL aktivləri uğrunda “mübarizəyə” başladığını bildirib. LUKOIL-in aktivlərinin alınması ilə bağlı danışıqların aparıldığını Kişinyov hava limanının direktoru da təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər