11 C
Baku
Monday, November 25, 2024

Lizinq nədir və onun yaranma tarixi

Müəllif: Ramil Namazov, AMEA  Kibernetika institutunun aspirantı

“Lizinq” sözü ingilis mənşəlidir və “to lease” felindən əmələ gələrək – əmlakı müvəqqəti istifadəyə götürmək və vermək mənasını verir. 

Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Bir az da konkret ifadə etsək lizinq sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Bu mənada lizinq özündə bank krediti, icarə və investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi və bir maliyyə xidmətidir.

Lizinq və icarə anlayışları arasında oxşar cəhətlər çoxdur. Lakin onlar eyni anlayışlar sayıla bilməzlər. Belə ki, icarə əmlakın başqa şəxsin (icarəçinin) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır. Lizinq – əmlakın başqa şəxsin (lizinq alanın) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır. əgər lizinqə verilən əmlak artıq lizinq verənin mülkiyyətindədirsə, əmələ gələn hüquq münasibəti icarə (kirayə) kimi qiymətləndiriləcəkdir.

Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqvilələrindən fərqli olaraq lizinq müqvilələrində mülkiyyət hüququna icarəçi sahib olur. İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqvilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqviləsinin vaxtını uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər. Lizinqin xüsusiyyətlərindən biri də lizinq alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli sürülməsi hüququna malik olmasıdır.

İqtisadi nöqteyi nəzərdən lizinq avadanlıq alınması üçün təqdim olunan kreditlə oxşardır. Kredit vermə zamanı borc alan borcu bağlamaq üçün müəyyən edilmiş tarixlərdə əsas fondlara ödənişlər daxil edir, bununla belə ssidanın tam ödənilməsinə qədər kreditə verilən obyektin mülkiyyət hüququnu bank özündə saxlayır. Lizinq zamanı icarədar müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən sonra əmlakın sahibi olur. Bu zaman lizinqin maliyyə və operativ növləri yarana bilər ki, bu barədə bir qədər sonra ətraflı bəhs edəcəyik.

Lizinqin tarixi

Lizinq ideyası yeni deyil. Tarixçi və iqtisadçılara görə lizinq sövdələşmələri hələ eramızdan əvvəl qədim Şumerdə tətbiq olunub. Tarixçilər bilidirirlər ki, Aristotel e.ə. 350-ci ilidə yazdığı “Sərvət mülkiyyət hüququnda yox, ondan istifadədədir” adlı əsərində bu fikrə toxunub. Venesiyada XI əsrdə lizinq sövdələşmələr bənzər sövdələşmələr olub. Belə ki, venesiyalılar ticarət gəmilərinin sahiblərinə o zamanlar baha sayılan lövbərlərini icarəyə verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılırdı və yenidən icarəyə verilirdi.

İqtisadi leksikona lizinq (ingiliscə “lease” – icarəyə vermək) sözünün daxil olması Bell telefon şirkətinin fəaliyyəti ilə bağlıdır. Şirkət rəhbərliyi 1877-ci ildə öz telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi. Lakin əsas fəaliyyəti lizinq əməliyyatları olan ilk cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində yaranmış “United States Leasing Corporation” olmuşdur. Beləliklə Amerika Birləşmiş Ştatları yeni bir biznes növünün vətəni oldu. 60-cı illərin ortalarında lizinq əməliyyatlarının dövriyyəsi bu ölkədə 1 milyard ABŞ dolları, 80-ci illərin axırına isə 110 milyard ABŞ dollarını keçmişdir. Bu o deməkdir ki, bir əsr rübü ərzində lizinq əməliyyatlarının ümumi dövriyyəsi 100 dəfə artmışdır. Bu artım lizinq sövdələşmələrində hər iki tərəfin qazandığını göstərir. Halhazırda bazar iqtisadiyyatına malik ölkələrdə təsərrüfat subyektləri tərəfindən istehsalın texniki təchizatı zamanı lizinq əməliyyatlarına üstünlük verilir.

Amerika Birləşmiş Ştatlarında lizinq biznes növləri arasında xüsusi yer tutur. Müxtəlif xidmətlər təklif edən lizinq şirkətlərinin sürətli artımı və lizinq sövdələşmələrinin şərtlərinin modifikasiyası müxtəlif iqtisadi sferalardan olan sahibkarlar tərəfindən investisiya vəsaitlərinin alınmasının müxtəlif yollarını müəyyən etdi. Sonradan lizinq şirkətləri maliyyə-lizinq cəmiyyəti adını aldılar. Onlar istehsalçıya onun malını icarəyə vermək yolu ilə satışda kömək edir, sövdələşmələrin maliyyələşdirilməsi və onlarla bağlı risklərin bölünməsini təşkil edirdilər.

Qərbi Avropada ilk maliyyə-lizinq cəmiyyətləri 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yaranıb. Lakin lizinq əməliyyatlarının inkişafının qarşısını onların statuslarının vergi və vətəndaş qanunvericiliyində qeyri-müəyyən olması alırdı. Yalnız vergi qanunvericiliyində lizinq müqvilələri öz əksini tapdıqdan sonra, lizinq əməliyyatlarının tempi artmışdır. Məsələn: birinci lizinq şirkəti olan “Lokafrans” 1982-ci ildə yaradılıb, 4 il sonra isə onların sayı 30-dan çox idi. 1987-ci ildə Fransada illik müqavilə dövriyyəsi 57 milyard frank olan daşınan əmlakla bağlı əməliyyatlar aparan 56 lizinq şirkəti və daşınmaz əmlakla bağlı əməliyyatlar aparan 94 lizinq şirkəti fəaliyyət göstərirdi. Bu şirkətlər ölkənin iqtisadi cəhətdən geridə qalmış regionlarının inkişafına təkan verdi. Fransa hökuməti yerlərdə sahibkarlığın inkişafı planının bir hissəsi kimi bu şirkətlərin fəaliyyətini genişləndirir. Lizinq şirkətlərinin stimullaşdırılması, vergidən azad edilməsi, itkiləri kompensasiya edən xüsusi fondların yaradılması və s. vasitəsilə həyata keçirilir. Fransanın ən böyük lizinq şirkətləri “Lokfrans”, “Slibay”, “Lokabay”, “Sofimoboy”, “Sliminiko” və başqaları sayılırlar.

İtaliyada ilk lizinq şirkəti 1963-cü ildə yaradılıb, bu növ şirkətlərin sürətli artımı isə 70-80-ci illərə təsadüf edir. İtaliyanın əsas xüsusiyyəti böyük sayda icarə müəssisələrinin varlığı idi. 80-ci illərdə bu ölkədə mövcud olan lizinq şirkətlərinin böyük hissəsi xırda və orta tipli idilər. Onların arasında “Assimo” milli assosiasiyasının üzvü olan 50 böyük lizinq şirkəti var idi. Bu dövrdə 10 daha böyük lizinq şirkətinin payına bütün əməliyyatların 80%-i düşürdü. Ölkənin “Lokafit”, “Gentrolizinq”, “Savay zinq”, “Lokat” kimi şirkətləri 30 min müəssiəyə xidmət göstərirdi.

Artıq 60-cı illərdən lizinq əməliyyatları Asiya qitəsində də öz inkişafını tapıb. Halhazırda lizinq xidmətlərinin dünya bazarının əsas hissəsi “ABŞ – Qərbi Avropa – Yaponiya” üçbucağında cəmlənib. Qərbi Avropada lizinqverən rolunda bank və onun törəmə cəmiyyətləri tərəfindən idarə olunan ixtisaslaşmış lizinq şirkətləri çıxış edirlər.

Yaponiya üçün lizinq əməliyyatlarının genişləndirilməsi, lizinq və istiqrazların alqı-satqı kombinasiyasını daxil edən təkliflər paketinin təqdim edən təkliflər paketinin təqdim olunması aiddir. Bu xidmətlər kompleks lizinq adını almışdır.

Beynəlxalq lizinq xidmətləri bazarı ən dinamik bazarlardan biri sayılır. Ekspertlərə görə 1988-ci ildə lizinq şərtləri ilə əsas fondların reallaşdırılma məbləği 250 milyard ABŞ dolları olub. Müqayisə üçün bildirək ki, 1979-cu ildə bu rəqəm 5 dəfə az idi.

Ötən əsrin 90-cı illərində maşın və avadanlıqlara edilmiş kapital qoyuluşlarında lizinqin payı müvafiq ölkələrdə aşağı kimi idi: ABŞ – 25-30%, Böyük Britaniya, Fransa, İsveç, İspaniya – 13-17%, İtaliya, Niderland – 12-14%, Avstriya, Danimarka, Norveç – 8-10%, Yaponiyada – 8-10% . Yaponiyada lizinq sövdələşmələrinin həcmi 1980-1988-ci illər ərzində 6 dəfə artmışdı. Burada lizinq əməliyyatlarının illik artımı 25-30% idi.

Öz sürətli inkişafına baxmayaraq Avropa lizinq bazarı öz inkişaf templərinə görə ABŞ, Asiya, Sakit okean və Avstraliyadan geri qalır.

Avstraliyada sənaye kapital qoyuluşlarının 33%-i lizinq əsasında baş verir. ABŞ-da EHM, poliqrafik və energetik avadanlıqların böyük hissəsi lizinq əsasında alınır. Qaldırıcı-nəqliyyat vasitələrinin payı 58%, sərnişin təyyarələri və avadanlıqların payı 50%-dir. Çevik dəyişən texnologiyaya və hesablama texnikasında, maşınqayırmada, rabitə vasitələrinin istehsalında, elektrik avadanlıqları sahəsində lizinqdən daha geniş istifadə olunur.

Bir sıra ölkələrdə dövlət orqanları lizinqi kiçik biznesin dəstəklənməsi üçün istifadə edirlər. Məsələn, Yaponiyada kiçik müəssisələrə lizinq xidmətlərini təklif edən orqanlar sistemi yaradılıb. Xüsusilə də, 1966-cı ildə təsis edilmiş lizinq təchizatı sistemində kreditor rolunda milli və prefektura hökumətləri çıxış edirlər.

Müasir dövr üçün beynəlxalq lizinq institutlarının yaradılması xarakterikdir. Avropa Lizinq Cəmiyyətləri Birliyi (qərargahı Brüsseldə yerləşir) 17 Avropa ölkəsinin cəmiyyət və birliklərini əhatə edir.

Lizinqin növləri

Müəssisələr adətən istifadə etdikləri əsas vəsaitlərin həm də sahibidirlər və bu vəsaitlər onların balansında da əks olunur. Bu, müəssisələr üçün hər zaman müsbət hal kimi qarşılanmır. Lizinqin yaranması ilə müəssisələr əsas vəsaitlərini satınalma ilə yanaşı kirayələmə yolu ilə də qazanmaq imkanını əldə etmişlər. Lizinq münasibətlərində əmlakın mülkiyyətinə sahib olmanın ortaya çıxardığı xərclər lizinq şirkətinə aid olduğu üçün lizinq yolu ilə avadanlıq əldə edən müəssisələr qazanclı olurlar. Bəzən hətta, müəssisələr sahib olduqları avadanlıqları lizinq şirkətlərinə satıb eyni avadanlıqları həmin şirkətdən yenidən maliyyə lizinqi yolu ilə icarəyə götürmək üsullarına belə müraciət etmişlər və beləliklə lizinqin qaytarılan lizinq növü ortaya çıxmışdır. Ümumiyyətlə, lizinqin ən geniş istifadə edilən bu növləri var: Operativ lizinq (Operating leases), Maliyyə lizinqi (Financial leases) və Sublizinqdir (Sublease).

1. Operativ lizinq
Lizinqin bu növündə, maliyyə lizinqi ilə müqayisədə müqavilə müddəti daha qısa müddətli, lizinq ödənişləri isə daha yüksək olur. Bu lizinq növündə lizinq şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər lizinq ödənişlərinə əlavə edilir. Operativ lizinqdə müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır. Buna görə də, operativ lizinqdə müqavilə müddəti adətən çox qısa olur və lizinqalan tərəfindən ödənilən lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə və ya satmaqla avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq əsasən çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə olunur. Belə ki, bəzi avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin təqdim edilməsi ilə bu avadanlıqların mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir müəssisə üçün istehsal avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə vəsaitləri tələb edir.Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə vəziyyətlərdən çıxış yolu əldə edilir.

Operativ lizinqdə avadanlıq lizinq şirkəti tərəfindən müştərinin (lizinqalanın) əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri lizinq şirkətiöz üzərinə götürür.

2. Maliyyə lizinqi
Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən nəzərdə tutulmuş simvolik bir dəyərlə lizinqalana satılması nəzərdə tutulur. Bu lizinq növündə lizinq müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları adətən müştəri (lizinqalan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinqalan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Lizinq şirkəti alınacaq avadanlıq haqqında heç bir məlumata sahib deyil və hətta çox vaxt alınan avadanlıq satıcı tərəfindən birbaşa müştəriyə (lizinqalana) təqdim edildiyi üçün lizinq şirkəti avadanlığı görmür.

3.Sublizinq
Sublizinqdə lizinqə götürülən avadanlıq lizinq şirkətinin (lizinqverənin) razılığı ilə lizinqalan tərəfindən digər müəssisələrə yenidən lizinqə verilə bilər. Bu zaman sublizinq müqaviləsinin müddəti əsas lizinq müqaviləsinin müddətindən çox ola bilməz. Sublizinq müqavilələrinin şərtləri də hər cəhətdən maliyyə lizinqi müqavilələrinin şərtlərinə bənzəyir.

Lizinq iqtisadi inkişafa necə kömək edir?

Lizinq istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafı yolunu təklif edir. Kiçik və orta müəssisələrin kredit qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.

Lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir. Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsindən aşağı riskli olan lizinq bank kreditindən daha ucuz maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf edən ölkələrdə lizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm lizinqdən, həm də bank kreditindən istifadə edilməsinə və təmin edilmiş borcun məbləğinin aşmamasına imkan yaradır.
Lizinq ümumiyyətlə iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır Bank maliyyələşdirməsinə alternativ kimi çıxış edən lizinq digər maliyyələşdirmə formalarından istifadə edilməsinə imkan yaradır.

Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici mal verənlərə kredit almayan müəssisələr sırasından yeni alıcı sayının artması mexanizmini təklif edir.

Lizinq müqaviləsinin proseduru

Lizinq üçtərəfli sazişdir. Çünki lizinq sövdələşməsinin iştirakçıları əsas üç şəxsdən ibarət olur: lizinq verən (lizinq şirkəti), lizinq alan (müştəri) və lizinqə veriləcək avadanlığın satıcısı (Təchizatçı). Lizinq verən müqaviləsinin reallaşdırılması prosesində cəlb edilmiş vəsaitlər və (və ya) şəxsi vasaitləri hesabına əmlakı mülkiyyətə alan və onu lizinq predmeti kimi müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq alana müvəqqəti istifadəyə və lizinq müddəti bitdikdə mülkiyyət hüququnun lizinq alana keçməsi şərtilə istifadəyə verən hüquqi şəxsdir. Lizinq alan müqaviləyə əsasən lizinq predmetini müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürməyə borclu olan fiziki və ya hüquqi şəxsdir. Satıcı isə lizinq verənlə alqı-satqı müqaviləsinə əsasən lizinq alanın seçdiyi əmlakı şərtləşdirilmiş müddətdə satan fiziki və ya hüquqi şəxsdir. Ona görə lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması nəzərdə tutulur: lizinqverənlə (lizinq şirkəti) və lizinqalan arasında (müştəri) lizinq müqaviləsi; lizinqverən və avadanlığın satıcısı(təchizatçısı) arasında alqı-satqı müqaviləsi. Avadanlığın satıcıları (təchizatçıları) müştərinin (lizinqalanın) özü tərəfindən seçilir.

Lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın müəyyən satıcıdan seçdiyi əmlakı mülkiyyətə almağı və həmin müəyyən ödənişlə və sonuncuya əmlaka dair mülkiyyət hüququnu vermək şərtilə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin predmeti isə qüvvədə olan təsnifata əsasən əsas vəsaitlərə aid edilən istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülki dövriyyədən çıxarılmış və ya məhdudiyyət qoyulmuş obyektlər istisna olmaqla.

Lizinq müqaviləsi aşağıdakı 11 mərhələdən ibarət olan bir mürəkkəb prosesdir:

1. Lizinq müraciəti – potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin formasını doldurur;
2. Müraciətə baxılması – müraciətə lizinq şirkəti tərəfindən baxılır;
3. Müraciətin təsdiqlənməsi – müraciət lizinq şirkətinin kredit komitəsi tərəfindən təsdiq edilir;
4. Lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;
5. Alqı-satqı müqaviləsinin bağlanması – lizinq verən və satıcı arasında alqı-satqı müqaviləsi bağlanır;
6. Lizinq obyektinin əldə edilməsi – lizinq verən lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir;
7. Sığorta – lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır;
8. Lizinq obyektinin lizinq alana verilməsi – lizinq verən və lizinq alan lizinq obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar;
9. Lizinq ödənişləri – lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq lizinq ödənişlərini həyata keçirir;
10. Monitorinq maliyyə nəzarəti – lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq alanın maliyyə vəziyyətini lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada yoxlayır;
11. Mülkiyyət hüququnun lizinq alana keçməsi – lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan lizinq obyektini satın ala bilər.

Nəyə görə lizinq sərfəlidir?

Sizin pullarınız və dövriyyə kapitalınız sizdə qalır. Siz avadanlığın alınmasına vəsait qoymursunuz. Həmin vəsaitləri siz marketinqə, dövriyyə kapitalının artırılmasına, cari xərclərinizin ödənilməsinə yönəldə bilərsiniz.

Lizinq kredit xətlərini istifadəsiz saxlayır. Lizinqdən istifadə edərkən Siz kredit xətlərindən istifadə etmirsiniz və onları operativ və qısamüddətli maliyyə ehtiyaclarınızın ödənilməsi üçün istifadə etmək imkanına malik olursunuz.

Siz yalnız istifadə etdiyiniz müddət üçün haqq ödəyirsiniz. Aylıq ödənişlər avadanlıqdan dərhal istifadə edilməsinə imkan yaradır. Yeni müasir avadanlıqdan istifadə edərək Siz gəlir əldə edir və avadanlıqdan istifadə edilməsinə görə həmin gəlirdən haqq ödəyirsiniz.

Lizinq yüzfaizli maliyyələşdirmədir Daşınma, quraşdırma, personalın təliminə çəkilən xərclər də daxil olmaqla lizinq avadanlığın dəyərinin 100% maliyyələşdirə bilər. Bank kreditindən fərqli olaraq qabağcadan ödəniş və müəyyən dəyərdə aktivlərə malik olmaq tələb olunmur.
Lizinq – əsas vəsaitlərin təzələnməsi vasitəsidir. Lizinq mütəmadi olaraq avadanlığın təzələnməsinə və bununla da müasir texnologiyadan istifadə edilməsinə imkan yaradır.

Lizinq büdcə məhdudiyyətlərini nəzərə almamaq imkanını yaradır. Vəsaitin çatışmaması üzündən lazım olan avadınlıqın alınması gecikdirildikdə, yaxud bundan imtina edildikdə lizinq əvəzolunmazdır, çünki o, lizinq odənişlərinə az məbləğlərin xərclənməsinə və eyni zamanda lazım olan avadanlıqdan istifadə edilməsinə imkan yaradır. Lizinq hətta budcəsinin imkanları xeyli məhdud olan müəssisələr üçün də mümkündür.

Lizinq obyekti etibarlığın təminatçısıdır. Avadanlığın lizinq verənin mülkiyyətində olması lizinq alanın kredit qabiliyyətli olmasını sübut etmək, yaxud girov təklif etmək vəzifəsini istisna edir. Bu faktın mövcud olması qeyri təkmil girov qanunvericiliyi olan ölkələrdə fəaliyyət göstərən müəssisələr üçün lizinqi xüsusilə əlverişli edir.

Lizinqin üstünlükləri

Kredit və nəğd alışla müqayisədə lizinqin bir sıra üstünlükləri vardır:

  • Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur.

  • İnvestisiya qoyuluşlarını 100 % maliyyələşdirir. Belə ki, nəqliyyat, vergi, sığorta, montaj və digər xərclər bütövlükdə Lizinqlə maliyyələşdirilə bilər.

  • Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan,  bank kreditlərindən fərqli olaraq adətən müştərilərindən əlavə girov tələb etmir.

  • Lizinq ödəmələri tamamilə xərclərə aid edilir.

  • Uzun müddətli maliyyə vəsaitlərinin respublikamızda qıt olduğu şəraitdə belə lizinqlə investisiya qoyuluşlarını 5 ilədək maliyyələşdirmək olar.

  • Lizinqdə əmlakın sürətli amortizasiyası üçün iki qat koefisientinin tətbiqi mümkündür. Bu da öz növbəsində, investisiya qoyuluşu mərhələsində vergiləri böyük ölçüdə azaldır.

  • Lizinqdə bütün ödənişlər nəğd vəsaitlərinin axımına uyğunlaşdırılır və maliyyə ehtiyacı hissetmədən uzun müddətə geri ödəmə imkanı əldə edilir.

Lizinqdə investisiya özü özünü maliyyələşdirir. Belə ki, lizinq ödənişləri investisiya qoyuluşundan əldə ediləcək gəlirlə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər