ABŞ tarixində ən uzun — 43 gün davam edən şatdaun ölkənin dördüncü rübdə iqtisadi artımını 1,5 faiz bəndi zəiflədəcək. Bu barədə Konqresin Büdcə İdarəsinə istinadən “Associated Press” məlumat yayıb. Beləliklə, ABŞ ÜDM-nin artımı dördüncü rübdə üçüncü rübdəki göstəricidən təxminən iki dəfə aşağı olacaq.
ABŞ Maliyyə Nazirliyinin ilkin qiymətləndirməsinə görə, üçüncü rübdə ölkənin ÜDM-i illik ifadədə 2,7% artıb. İkinci rübdə isə artım 3,8% təşkil edib.
Konqresin Büdcə İdarəsi proqnozlaşdırır ki, federal qurumların işinin bərpası 2026-cı ilin birinci rübündə iqtisadi artımı 2,2 faiz bəndi sürətləndirəcək.
Bu il hökumətin işinin dayandırılması mövcud problemləri daha da dərinləşdirib — işçi qüvvəsinin zəif artımı, yüksək inflyasiya və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar vəziyyəti daha da ağırlaşdırıb. Bununla belə, agentlik qeyd edir ki, iqtisadçıların əksəriyyəti ABŞ-də tənəzzül gözləmir.
Beynəlxalq Valyuta Fondu da hesab edir ki, şatdaun 2025-ci ilin dördüncü rübündə ABŞ ÜDM artımına mənfi təsir göstərib. Məsələyə münasibət bildirən BVF rəsmisi Culi Kozak qeyd edib: “Biz gözləyirik ki, 2025-ci ilin dördüncü rübündə real artım proqnozlaşdırılandan aşağı olacaq”. Onun sözlərinə görə, bu, mənfi artım demək deyil.
Konqresin Büdcə İdarəsinin qiymətləndirməsinə əsasən, hökumət bağlanması nəticəsində federal işçilər təxminən 16 milyard dollar məvacib itiriblər. İstehlakçı əhval-ruhiyyəsi son üç ilin minimumuna düşüb və tarixboyu ən aşağı səviyyəyə yaxınlaşıb. Miçiqan Universitetinin noyabr sorğusuna əsasən, istehlakçı əhval-ruhiyyəsi indeksi 50,4 olub — bu göstərici oktyabrla müqayisədə 6,2% və bir il əvvəlki ilə müqayisədə təxminən 30% aşağıdır.
Hökumətin işinin dayandırılması Federal Ehtiyat Sisteminin (FED) iqtisadiyyəti izlədiyi əsas göstəricilər — işsizlik, inflyasiya və pərakəndə satış məlumatlarının yayımını da dayandırıb. Bunun nəticəsində FED dekabr iclasında üçüncü dəfə faiz endirimini həyata keçirməyə bilər. FED sədri Cerom Pauell bu barədə oktyabrın sonunda belə demişdi: “Dumana düşəndə nə edirsən? Sürəti azaldırsan”.
ABŞ hökumətinin işi 1 oktyabrda dayandırılmışdı. Buna səbəb Konqresin yeni maliyyə ili başlayana qədər büdcə qanununu qəbul edə bilməməsi olmuşdu. Demokratlar respublikaçıların səhiyyə sahəsində güzəştə getməsini tələb edirdi, lakin tərəflər razılığa gələ bilmədi. Noyabrın 13-də Konqres hökumət bağlanmasının dayandırılması barədə razılaşmanı təsdiqlədi. Bundan sonra sənədi ABŞ prezidenti Tramp imzaladı.






