17 C
Baku
Saturday, November 15, 2025

ADB Azərbaycana 2,5 mlrd. ABŞ dollarına qədər investisiya yatırmağı planlaşdırır

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə ADB-nin Azərbaycanın inkişaf prioritetlərinə strateji dəstəyi, ölkənin Mərkəzi Asiya və Avropanı birləşdirən nəqliyyat, ticarət və enerji mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

ADB rəhbəri yeni Ölkə Tərəfdaşlıq Strategiyası (2025–2029) çərçivəsində bank Azərbaycanın inkişaf hədəflərinə dəstək üçün 2,5 mlrd. ABŞ dollarına qədər investisiya yatırmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ADB ağıllı mobillik infrastrukturu, bərpaolunan enerji, rəqəmsallaşma və insan kapitalının inkişafı sahələrində hökumət və özəl sektorla birgə mühüm layihələr həyata keçirir.

Məlumata görə, ADB Azərbaycanın ixrac çeşidinin şaxələndirilməsi və yeni bazarlara çıxışın genişləndirilməsi üçün yaşıl və səmərəli infrastrukturun qurulmasına dəstək verir. CAREC 2-ci Dəhliz (Orta Dəhliz) və Transxəzər Yaşıl Dəhliz kimi layihələr regionda əlaqəliliyin artırılması, ticarətin asanlaşdırılması və Mərkəzi Asiyadan Avropaya bərpaolunan enerji resurslarının daşınmasına imkan yaradacaq. Region daxilində rəqəmsal ticarətin də genişlənəcəyi gözlənilir.

Masato Kanda səfər çərçivəsində Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşərək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

ADB rəhbəri həmçinin Bakı Metropoliteninin genişləndirilməsi layihəsi üzrə yeni metro stansiyası sahəsinə baxış keçirib, eləcə də bank tərəfindən maliyyələşdirilən müasir anbar kompleksində olub. Bu kompleks ərzağa çıxış imkanlarının və təhlükəsizliyin artırılmasına töhfə verib. Kanda davamlı kənd təsərrüfatı təcrübələrini öyrənən kiçik fermerlərlə də görüşüb.

Qeyd edilib ki, ADB 1999-cu ildən bəri Azərbaycana nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, ticarət və fəlakət risklərinin azaldılması daxil olmaqla sahələrdə ümumilikdə 5,5 mlrd. ABŞ dolları həcmində maliyyələşdirmə və texniki yardım göstərib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər