16 C
Baku
Monday, November 17, 2025

Çinin çip istehsalındakı uğurları dünyanı heyrətə salacaq

2025-ci ilin yanvarında az tanınan Çin startapı DeepSeek dünyanı sarsıtdı: şirkət ABŞ-ın ən qabaqcıl süni intellekt modellərinə real rəqib ola bilən sistem təqdim etdi. Xüsusilə diqqətçəkən məqam ondan ibarət idi ki, model ABŞ-ın Nvidia şirkətinə məxsus yüksək səviyyəli süni intellekt çiplərinə çıxış olmadan yaradılmışdı — bu isə Çinin məhdudiyyətləri aşmaq və innovasiyaları davam etdirmək əzmindən xəbər verirdi.

2026-cı ildə sürprizlər artıq proqram təminatından deyil, birbaşa çiplərdən — Çinin uzun müddət əlçatmaz sayılan iki istiqamətdə, yəni güclü süni intellekt çiplərinin layihələndirilməsi və istehsalında nəzərəçarpacaq irəliləyişlərindən gələcək.

ABŞ məhdudiyyətləri — inkişaf üçün təkan

ABŞ 2019-cu ildə qabaqcıl çiplərin və onların istehsalı üçün tələb olunan avadanlıqların Çinə ixracına məhdudiyyət qoydu. Məqsəd Pekinin texnoloji yüksəlişini ləngitmək idi. Lakin nəticədə əks effekt yarandı: Çin tam texnoloji müstəqillik uğrunda daha aqressiv addımlar atmağa başladı.

Süni intellekt üçün prosessorların hazırlanması xüsusilə mürəkkəb sahədir. Bu çiplərin istehsalı üçün ASML kimi şirkətlərin istehsal etdiyi qabaqcıl litografiya maşınları tələb olunur. Lakin ABŞ-ın təzyiqi ilə Niderland hökuməti ASML-ə Çinə ən son avadanlıqları satmağı qadağan edib. Bu, Çin istehsalçıları üçün 7 nanometr və daha kiçik texnoloji proseslərlə çip buraxmağı çətinləşdirir.

Bununla belə, Çin şirkətləri mövcud avadanlıqlardan maksimum istifadə etməyə çalışır və bir sıra sahələrdə gözləniləndən daha böyük nəticələr əldə edirlər.

Çip dizaynında irəliləyiş

Nvidia Çində süni intellekt çiplərinin əsas təchizatçısı olaraq qalır — baxmayaraq ki, şirkət oraya ən güclü modellərini sata bilmir. Buna rəğmən, Huawei, Cambricon və MetaX kimi yerli istehsalçılar artıq bazarın 40%-ni təmin edir. 2025-ci ildə bu bazarın həcmi 38 milyard dollara çatacaq, 2027-ci ildə isə 71 milyard dollara yüksələcəyi gözlənilir. Çin şirkətlərinin payı həmin vaxt 50%-i keçə bilər.

Bu çiplər hələ Nvidia-nın ən qabaqcıl məhsulları ilə rəqabət apara bilmir, lakin ABŞ tərəfindən Çinə icazə verilən “məhdudlaşdırılmış” versiyalarla müqayisədə çox vaxt heç də geri qalmır.

Dövlət dəstəyi də güclüdür: məlumata görə, Pekin dövlət və özəl şirkətlərə Nvidia çiplərindən istifadəyə faktiki qadağa qoyub və yerli alternativləri tətbiq etməyi tələb edir. Alibaba və Baidu artıq öz süni intellekt modellərini yerli çiplərdə hazırlayırlar.

Məsələn, Huawei-nin CloudMatrix sistemi 384 Ascend çipini birləşdirir və güc baxımından Nvidia-nın ən qabaqcıl platformasına yaxınlaşır — lakin 4 dəfə çox enerji sərf edir.

Daha perspektivli yanaşma isə çip dizaynı ilə proqram təminatının sıx inteqrasiyasıdır. DeepSeek-in tətbiq etdiyi fp8 məlumat formatı dəqiqliyi azaltsa da, performansı artırır — beləliklə, daha zəif çiplərlə daha sürətli süni intellekt modelləri işlətmək mümkündür.

Bu formatı artıq Cambricon dəstəkləyir, Huawei də növbəti nəsil çiplərində fp8 tətbiq etmək niyyətindədir. Bu addım Çin ilə Qərb arasındakı performans fərqini nəzərəçarpacaq dərəcədə kiçildə bilər.

2026: Çin çip istehsalının sıçrayış ili olacaq

İstehsal sahəsində iki əsas oyunçu ön plandadır:

  • SMIC — Çinin ən böyük yarımkeçirici zavodu,

  • Huawei — həm dizayn, həm istehsal sahəsində ambisiyalı lider.

SMIC 7 nm və daha aşağı ölçülü çiplərin istehsalını gücləndirməyə hazırlaşır, Huawei isə özünün yeni çip fabriklərini qurur.

ASML-in ən son avadanlıqlarına çıxış olmasa da, Çin zavodları köhnə nəsil maşınlardan maksimum səmərə ilə istifadə etməyə çalışır. Çip istehsalında çıxış faizi (wafer-də işlək çip payı) TSMC-dən xeyli aşağı olacaq, amma hətta iki dəfə aşağı çıxış faizi ilə belə Çin hər il milyonlarla süni intellekt çipi istehsal edə bilər — buda daxili tələbatın böyük hissəsini ödəməyə imkan verəcək.

Çətin yol, amma real nəticə

Çinin çip müstəqilliyi hələ tamamlanmayıb. Performans, enerji səmərəliliyi və istehsalat keyfiyyəti baxımından dünya liderlərini geridə qoymaq çətin olacaq. Lakin görünən odur ki, 2026-cı ilin sonuna qədər Çin şirkətləri öz tələbatlarının böyük hissəsini özləri təmin edə biləcək.

Bu isə ABŞ-ın Pekinin texnoloji ambisiyalarını cilovlamaq cəhdlərinin effekt vermədiyini göstərən ən bariz sübutlardan biri olacaq.

Son xəbərlər
Digər xəbərlər