Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində “ABC Telecom” MMC (Kontakt Home) tərəfindən satışa çıxarılan bəzi məhsulların reklam və təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan məlumatlardan istifadə olunduğu müəyyən edilib.
Banker.az xəbər verir ki, araşdırma zamanı aşkar olunub ki, “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının faktiki istehsalçısı Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə məhsulların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb. Bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, yay aylarında da Agentliyə daxil olmuş şikayətlər əsasında “ABC Telecom” tərəfindən oxşar reklam nöqsanlarının baş verdiyi müəyyən olunmuşdur. Həmin dövrdə məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə istehlakçılara həqiqətə uyğun olmayan məlumatlar verilməsi, həmçinin mühüm xüsusiyyətlər haqqında düzgün olmayan göstəricilərin təqdim olunması halları aşkarlanıb.
Buna görə, “ABC Telecom” MMC barəsində haqsız rəqabət hallarının aradan qaldırılması və təkrarının qarşısını almaq məqsədilə icrası məcburi göstərişlər verilib. Agentlik bildirir ki, hazırda iş üzrə baxılma prosesi davam edir və nəticələrlə bağlı əlavə məlumat veriləcək.
Dövlət Agentliyi əlavə edir ki, Rəqabət Məcəlləsinin tələblərinə əsasən, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, keyfiyyəti, istifadə üçün yararlılığı və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya fərqləndirici nişan, marka və ya işarələrdən yanlış istifadə edilməsi qadağandır və bu cür hərəkətlər haqsız rəqabət hesab olunur.








