15 C
Baku
Monday, November 24, 2025

Yanvar ayından kirayə qiymətləri artacaq?

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər bundan sonra vergiyə cəlb olunacaq.

Bu müddəa “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin – mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla – fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə ödəmə mənbəyində 10 faiz vergi tətbiq ediləcək.

Bəs yəni qərar kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, yeni tətbiq həm bazarda şəffaflığı artıracaq, həm də qiymətlərin müəyyən qədər bahalaşmasına səbəb olacaq:

“Hazırda qanuna görə kirayə verən şəxs əldə etdiyi məbləğin 14 faizini vergi kimi ödəməli idi. Dəyişiklikdə isə artıq kirayə verən yox, kirayə qalan şəxs ödəyəcək. Məsələn, 600 manata kirayə müqaviləsi bağlanırsa, bunun 60 manatı vergi kimi tutulacaq. Bununla da kölgə iqtisadiyyatının bir hissəsi tamamilə şəffaflaşacaq. Məqsəd ondan ibarətdir ki, büdcədən yayınan vəsait yenidən dövlətə qaytarılsın, kirayə gəlirləri rəsmiləşdirilsin”.

Ekspert qeyd edib ki, indiyədək çox az insan kirayə müqaviləsi bağlayırdı, lakin bu qərardan sonra proses məcburi xarakter daşıyacaq:

“10 faizlik vergi tətbiqindən sonra kirayə qiymətlərində artım olacaq. Şəhərin mərkəzində kirayə qiymətləri onsuz da yüksəkdir, buna görə yeni vergi həmin zonalarda ciddi təsir göstərməyəcək. Lakin aztəminatlı, gənc ailələrin və tələbələrin daha çox yaşadığı ərazilərdə verginin təsiri daha çox hiss olunacaq”.

Vüqar Orucun sözlərinə görə, daşınmaz əmlak bazarında 12–20 faiz, kirayə bazarında isə 5–7 faiz artım gözlənilir:

“10 faiz vergi tətbiq olunur deyə kirayə qiymətlərinin də eyni səviyyədə artması gözlənilmir. Ancaq müəyyən bahalaşma qaçılmazdır. Mən çıxışlarımda bu verginin 14 faizdən 7 faizə endirilməsini təklif etmişdim”.

Qeyd edək ki, yeni vergi mexanizminin 2026-cı ildən qüvvəyə minməsi gözlənilir.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər