Tələbələrlə praktika dövründə əmək müqaviləsinin bağlanması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər paketində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübə keçdikləri müddətdə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi ilə ölkə ərazisində əmək fəaliyyəti göstərdikdə, onlarla əmək müqaviləsi bağlanacaq.
Lakin tələbələrlə əmək müqaviləsi imzalanacağı təqdirdə, onlara bu fəaliyyətə görə hər hansı ödənişin verilib-verilməyəcəyi hələlik məlum deyil.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə sözügedən istiqəmətdə edilən dəyişikliyi mütərəqqi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, bu, işləyənlərin hüquqlarının daha geniş səpkidə qorunması üçün tətbiq edilən səmərəli bir modeldir.
“Təcrübəçilər və ya orada praktika keçən tələbələr son məhsulun və göstərilən xidmətin əldə olunmasında birbaşa iştirak edirlər. Onlar zəhmət çəkir, vaxt sərf edirlər. Bu baxımdan, onların əməyinin ödənilməsi olduqca vacibdir.
Digər tərəfdən, təcrübə keçən tələbələr istehsalat prosesinin içində iştirak edirlər. Ona görə də onların əmək təhlükəsizliyinin qorunması da bu müqavilədə öz əksini tapacaq. Hesab edirəm ki, bu dəyişiklik gənclərin istehsalat təcrübəsi keçməsinə marağını artırmaqla yanaşı, habelə təcrübəçilərin ödəniş olmadığı üçün təcrübədən imtina hallarını da minimuma endirəcək”.
Deputat həmçinin vurğulayıb ki, bu, imkan verəcək ki, son məhsulun əldə edilməsində iştirak edən hər bir kəs, həm əmək kollektivinin üzvləri, idarəedicilər, təcrübə keçənlər, tələbələr və ya qısa müddətlik əmək fəaliyyətində iştirak edənlər zəhmətlərinə görə maddi baxımdan qiymətləndirilsin. Onun fikrincə, dünya praktikasında da belə modellər mövcuddur və Azərbaycan da bu təcrübələrin müasir şəraitdə tətbiqində maraqlıdır.







