12 C
Baku
Monday, December 8, 2025

Azərbaycanda 100 illik hidrometeoroloji məlumatlar vahid verilənlər bazasında toplanılacaq

Hazırda Azərbaycanda ötən 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasına keçirilməsi istiqamətində işlər aparılır.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib.

“Bundan əlavə, Milli Hidrometeorologiya Xidməti təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün 3 ədəd dopler radar sistemi quraşdırıb. Meteoroloji radiolokatorlar təhlükəli hadisələrlə müşaiyət olunan konvektiv buludluluq haqqında etibarlı diaqnostik məlumatlar əldə etməyə imkan verir”, – deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, bu sistemlər leysan, dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, 1-3 saatlıq hava proqnozlarının hazırlanması üçün ən son texnoloji üsullardan istifadə edir, milyonlarla sətir məlumatın generasiya və təhlil olunması kimi funksional imkanlara malikdir: “Növbəti mərhələ üçün bu böyük həcmli məlumatların açıq məlumat dəsti olaraq opendata.az portalında dərci planlaşdırılır. Həmçinin bu məlumatlardan daha dəqiq hidrometeoroloji proqnozların verilməsi, eləcə də növbəti mərhələdə onların ölkəmizin sahib olduğu super kompüterlərlə emal olunması istiqamətində hazırlıq işləri görülür. Eləcə də, kənd təsərrüfatı üçün lazım olan atmosfer çirklənmələri və təbii mühitin radiasiya fonu üzrə məlumatların da növbəti ildən məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi nəzərdə tutulub”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər