2025-ci ildə dünya meqapolisləri arasında tıxaclarda ən çox vaxt itirən sürücülər İstanbulda yaşayanlar olub.
Bu barədə Inrix analitik şirkətinin hazırladığı Qlobal Yol Hərəkəti İndeksinin nəticələrində deyilir. Məlumatı TRT Haber yayıb.
Araşdırmaya əsasən, Inrix 2025-ci ilin yanvar–sentyabr aylarında dünya üzrə yol sensorları və nəqliyyat vasitələrindən toplanan məlumatları 2024 və 2023-cü illərin göstəriciləri ilə müqayisə edib. Şirkət şəhərlərin ölçüsü və əhalinin sayı nəzərə alınmaqla pik saatlarda tıxaclarda itirilən ümumi vaxt əsasında reytinq tərtib edib.
Nəticələrə görə, İstanbul sürücüləri 2025-ci ildə yol tıxaclarında orta hesabla 118 saat vaxt itirib. Bu göstərici ilə şəhər dünya üzrə birinci yerdə qərarlaşıb. Siyahıda növbəti yerləri Çikaqo (112 saat) və Mexiko (108 saat) tutur.
Qeyd edək ki, Inrix indeksi dünyanın 900-dən çox şəhərindən toplanmış aktual hərəkət məlumatları əsasında hazırlanır və yol hərəkəti sıxlığının şəhər həyatına təsirini ölçən əsas beynəlxalq göstəricilərdən biri hesab olunur.








