9 C
Baku
Friday, December 19, 2025

“Goldman Sachs”: Qızıl 4900 dollara çatacaq, neft ucuzlaşacaq, mis isə əsas sənaye metalı olaraq qalacaq

“Goldman Sachs” 2026-cı il üçün xammal bazarları üzrə qiymət proqnozlarını əks etdirən analitik qeyd dərc edib. Bankın baza ssenarisinə görə, qızılın qiyməti ilin sonuna qədər 14% artaraq bir unsiya üçün 4 900 dollara çata bilər. Bununla yanaşı, “Goldman Sachs” qeyd edir ki, fərdi investorlar tərəfindən investisiyaların daha geniş şəkildə diversifikasiyası fonunda bu proqnozun yuxarı istiqamətdə yenilənməsi riski mövcuddur.

Qeyddə vurğulanır ki, qızıla olan tələbi mərkəzi banklar tərəfindən struktur olaraq yüksək səviyyədə qalan maraq və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini dövri olaraq azaltması dəstəkləyəcək. Bankın fikrincə, bu amillər qiymətli metalın bahalaşmasına töhfə verəcək. “Goldman Sachs” qızıl üzrə uzunmüddətli mövqelərin saxlanılması tövsiyəsini qüvvədə saxlayır.

Qeydin dərc edildiyi vaxt qızılın spot qiyməti bir unsiya üçün 4 334,93 dollar təşkil edib.

Bankın proqnozuna əsasən, 2026-cı ildə misin qiyməti metrik ton üçün 11 400 dollar səviyyəsində sabitləşəcək. Bu qiymətləndirmə tariflərlə bağlı qeyri-müəyyənliyin 2026-cı ilin ortalarına qədər davam edəcəyi və ABŞ-nin 2027-ci ildə təmizlənmiş misə tariflər tətbiq edə biləcəyi ehtimalına əsaslanır.

“Goldman Sachs” misin uzunmüddətli perspektivdə “sevimli” sənaye metalı olaraq qalacağını bildirir. Buna səbəb odur ki, misə olan tələbin demək olar ki, yarısını təmin edən elektrikləşmə prosesi struktur olaraq güclü artım nümayiş etdirir, mədənlərdən mis tədarükü isə unikal məhdudiyyətlərlə üzləşir.

London Metal Birjasında misin qiyməti metrik ton üçün 11 721,50 dollar olub. Keçən həftə qiymət rekord səviyyə olan 11 952 dollara çaıb.

Bank Brent və WTI markalı neftin qiymətlərinin daha da azalacağını proqnozlaşdırır. 2026-cı ildə bu markalar üzrə orta qiymətlər müvafiq olaraq bir barel üçün 56 və 52 dollar səviyyəsində gözlənilir. “Goldman Sachs” qeyd edir ki, 2026-cı ildə neft bazarında tarazlığın bərpası üçün qiymətlərin enməsi zəruri olacaq.

“Goldman Sachs” gözləyir ki, neft qiymətləri təxminən 2026-cı ilin ortalarında minimum həddə çatacaq. Bu, bazarların tarazlığın bərpasını gözləməyə başladığı vaxta təsadüf edəcək. Qiymətlərin azalması gündəlik 1,2 milyon barel həcmində sabit tələbin artımı, Ukraynadakı münaqişə və sanksiyalar səbəbindən Rusiyadan tədarükün azalması, eləcə də Rusiyadan kənar OPEC-ə daxil olmayan ölkələrdə hasilatın zəifləməsi ilə bağlı olacaq.

Bank 2026–2027-ci illər üzrə proqnozda neft qiymətləri üçün aşağı istiqamətli risklərin üstünlük təşkil etdiyini bildirir. Bununla belə, 2027-ci ilin dördüncü rübündə bazarın yenidən defisit ehtimalını nəzərə almağa başlaması fonunda qiymətlərin artacağını da istisna etmir.

“Goldman Sachs” Brent və WTI markalı neftin qiymətlərinin tədricən bərpa olunacağını proqnozlaşdırır: 2028-ci ilin sonuna qədər onların müvafiq olaraq 80 və 76 dollar səviyyəsinə çatacağı gözlənilir.

Təbii qaza gəldikdə isə, bank 2026-cı ildə TTF mexanizmi üzrə qiymətin meqavat-saat üçün 29 avro (EUR/MWh), 2027-ci ildə isə 20 avro olacağını gözləyir. Bu, qaza əlavə tələbi stimullaşdıracaq. ABŞ-də qaz qiymətləri hasilatın artmasına şərait yaradacaq: 2026-cı ildə milyon Britaniya istilik vahidi (mmBTU) üçün 4,60 dollar, 2027-ci ildə isə 3,80 dollar səviyyəsində proqnozlaşdırılır.

“Goldman Sachs” analitikləri ABŞ-də elektrik enerjisi istehsalında ehtiyat güclərin daha da azalacağını bildirirlər. Bu, elektrik enerjisinə tələbin sürətli artımı və kömürlə işləyən elektrik stansiyalarının istismardan çıxarılmasının bərpa olunan enerji və qaz əsaslı istehsalın inkişafını üstələməsi ilə əlaqədardır.

Nəticədə, ABŞ-nin elektrik enerjisi bazarları kəskin qiymət artımı və hətta elektrik kəsintiləri riski ilə üz-üzədir. Bu risk xüsusilə məlumat mərkəzlərinin sürətlə artdığı yerli bazarlarda yüksəkdir: ABŞ-dəki bütün məlumat mərkəzlərinin 72%-i ölkənin cəmi 1%-ni təşkil edən dairələrdə yerləşir.

Son xəbərlər
Digər xəbərlər