“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın rəsmi beynəlxalq ehtiyatlarının, o cümlədən qızıl ehtiyatlarının, qarşıdakı üç il ərzində tədricən azalacağını proqnozlaşdırır.
Bu barədə “Fitch”in məlumatında bildirilib.
Agentliyin proqnozlarına görə, 2025-ci ildə ehtiyatlar 11,6 milyard dollar təşkil edəcək, 2026-cı ildə 11 milyard dollara enəcək və 2027-ci ildə 10,8 milyard dollara qədər azalacaq.
Müqayisə üçün, Azərbaycanın rəsmi beynəlxalq ehtiyatları 2022-ci ildə 11,3 milyard dollar, 2023-cü ildə 13,7 milyard dollar, 2024-cü ildə 12,7 milyard dollar təşkil edib.
Fitch qeyd edir ki, Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri qiymət artımı (qızıl qiymətlərinin yüksəlməsi və avronun möhkəmlənməsi) sayəsində əhəmiyyətli dərəcədə artmağa davam edir.
“2024-cü ilin sonundan bəri fondun aktivləri 17% artıb və 2025-ci ilin üçüncü rübünün sonunda 70,2 milyard dollar təşkil edib (ÜDM-in 91,2%-i). SOFAZ-ın portfelində qızılın payı 33%-ə çatıb və dolların payı ilə demək olar ki, bərabərləşib, bu isə 35%-dir. “Fitch” Azərbaycanın xarici ehtiyatlarının proqnozlaşdırılan dövrdə tam dayanıqlı qalacağını gözləyir ”,-deyə agentliyin hesabatında qeyd olunub.








