ABŞ-ın aktivlərin idarə edilməsi şirkəti “BlackRock” hesab edir ki, avtonom süni intellekt agentlərinin inkişafı blokçeyn şəbəkələrinin nativ tokenlərinə, steyblkoinlərə və blokçeyn əsaslı ödənişlərə tələbi əhəmiyyətli dərəcədə artıra bilər.
Banker.az təşkilatın yeni araşdırmasına istinadən xəbər verir ki, AI-agentlərin məlumat, API və hesablama gücünə görə ödəniş etməsi üçün sürətli və fasiləsiz hesablaşma sistemi lazımdır. “BlackRock” blokçeynin bu tip maşınlararası ödənişlər üçün uyğun infrastruktur ola biləcəyini bildirir.
Şirkət hesab edir ki, belə ödənişlərin artması blokçeyn infrastrukturuna və şəbəkələrin nativ tokenlərinə tələbi yüksəldə bilər. Buraya komissiyalar, validatorlara ödənişlər və blok məkanına tələbin artması daxildir. Bu baxımdan ETH kimi tokenlərin istifadəsinin genişlənməsi mümkündür.
“BlackRock” steyblkoinlərin AI-agentlər üçün əsas ödəniş vasitələrindən birinə çevrilə biləcəyini də qeyd edir.
Araşdırmada hesablama gücünün gələcəkdə ayrıca rəqəmsal aktiv sinfinə çevrilməsi ehtimalı da vurğulanır. Şirkət tokenləşdirilmiş hesablama resurslarına hüquqların yaradılmasını mümkün ssenari kimi göstərir. Belə hüquqların satılması, girov kimi istifadə edilməsi və hətta fyuçers bazarında ticarətə çıxarılması mümkün ola bilər.







