7 C
Baku
Monday, December 22, 2025

“Bakı Metropoliteni”nin yığılmış zərəri 3 mlrd. manatı keçib, illik zərər 82% artıb

Bakının yeganə metro operatoru olan “Bakı Metropoliteni” QSC ötən il tənzimlənən gediş haqlarının yüksəldilməsinə rəğmən, illik zərəri bir qədər də böyüyüb və yığılmış zərərin həcmi, maliyyə göstəriciləri üzrə zərər və balans göstəriciləri pisləşib, 3 milyard 109.54 milyon manata yüksəlib.

Banker.az xəbər verir ki, bu, dövlət qurumunun konsolidə edilmiş maliyyə hesabatında bildirilir. Bununla belə, şirkət bir sıra dövlət şirkətlərindən fərqli olaraq audit hesabatını tam olaraq təqdim edib.

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139.62 mln. manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə xalis zərər 76.88 mln. manat təşkil edirdi. Beləliklə, illik müqayisədə xalis zərər 62.74 mln. manat və ya 81.6% artıb.

2024-cü ildə “Bakı Metropoliteni”nin cəmi gəlirləri 155.66 mln. manat təşkil edib. Bu göstərici 2023-cü ildə 127.14 mln. manat idi. Nəticədə gəlirlər 28.52 mln. manat və ya 22.4% artıb. Artım əsasən sərnişindaşıma gəlirləri və hökumət subsidiyalarının yüksəlməsi hesabına formalaşıb.

Hesabatdan əlavə olaraq bildirək ki, 2024-cü ilin ikinci yarısından etibarən Tarif Şurası metrodakı bir gediş haqqını 40 qəpikdən 50 qəpiyə qaldırmışdı. 2025-ci ilin sentyabrından etibarən isə digər ictimai nəqliyyat üzrə gedişlərdəki kimi metronun da qiyməti 50 qəpikdən 60 qəpiyə yüksəldilib.

Bununla yanaşı, cəmi əməliyyat xərcləri daha sürətlə artaraq 294.17 mln. manata yüksəlib. 2023-cü ildə xərclər 203.16 mln. manat səviyyəsində idi. Beləliklə, xərclər 91.01 mln. manat və ya 44.8% artıb. Xərclərin strukturunda əsas artım amortizasiya, əməkhaqqı, elektrik enerjisi və texniki xidmət xərcləri üzrə qeydə alınıb. Dövlət qurumu ötən il ümumilikdə işçilərə 86.28 mln. manat xərc çəkib ki, bu öncəki ildə 74.77 mln. manat idi.

Hesabatı analiz etikdə məlum olur ki, 2024-cü ilin sonuna davam edən və tamamlanmamış tikinti layihələrinin həcmi əhəmiyyətli dərəcədə artıb. İlkin dəyər üzrə davam edən tikililərin məbləği 731.41 mln. manat, balans dəyəri isə 52.23 mln. manat təşkil edib. 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 683.92 mln. manat və 48.68 mln. manat idi. Əsas layihələr Xətai–Y20 stansiyaları arasında görülən işlər, B3 və B4 stansiyaları arasında tunel, Dərnəgül elektrik deposu, Xocəsən stansiyası və elektrik deposu, eləcə də digər infrastruktur obyektlərini əhatə edib.

Qeyd edək ki, Xocəsən stansiyasının tikintisi 23 dekabr 2022-ci il tarixində tam başa çatdırılıb. 2023-cü ildə müvafiq sənədləşmə yekunlaşdıqdan sonra layihə üzrə BTC hesabından əmlak və avadanlıq hesabına köçürmələr aparılıb. Bu çərçivədə 43.29 mln. manat məbləğində dəyərsizləşmə çıxıldıqdan sonra 244.93 mln. manat balans dəyəri BTC qalığından əmlak və avadanlıq qalığına keçirilib.

Əmlak və avadanlıqlar üzrə artım əsasən “TMX International” şirkətindən alınmış 93.06 mln. manat dəyərində 35 yeni metro vaqonu hesabına formalaşıb. Müqayisə üçün, 2023-cü ildə 15 metro vaqonu alınmış və bu məqsədlə 35.70 mln. manat vəsait xərclənmişdi.

Maliyyə vəziyyətinə gəldikdə isə, 2024-cü ilin sonuna şirkətin cəmi aktivləri 418.82 mln. manat olub. Bu göstərici 2023-cü ilin sonunda 414.57 mln. manat idi və aktivlər üzrə illik artım 1.0% səviyyəsində qalıb. Cəmi öhdəliklər isə 33.29 mln. manata yüksələrək əvvəlki illə müqayisədə təxminən 24.8% artım göstərib. Nəticədə kapitalın həcmi 385.53 mln. manata enib.

 

Son xəbərlər
Digər xəbərlər