3 C
Baku
Monday, December 29, 2025

Qaradağda məhsullar istehsal ediləcək – yerli istehsala 27 milyon manatlıq investisiya qoyuluşu

Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar istehsal ediləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, investisiya təşviqi sənədi almış layihənin reallaşdırılması nəticəsində yerli istehsala 27 milyon manata yaxın investisiyanın qoyulması və 180 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Məlumata əsasən, daha bir sahibkarlıq subyektinə – “Fabriora” MMC-yə investisiya təşviqi sənədi təqdim edilib. Şirkət Qaradağ rayonunda müasir texnologiyanın tətbiqi ilə kağız və gigiyenik məhsullar (uşaq bezləri, mətbəx kağızları, salfet məhsulları və s.) istehsal edəcək.

Ümumilikdə indiyədək 518 sahibkarlıq subyektinin təqdim etdiyi layihələrə 622 investisiya təşviqi sənədi verilib. Bu layihələrin reallaşması nəticəsində yerli istehsala təxminən 7,9 milyard manat investisiyanın yatırılması və 45 minə yaxın yeni iş yerinin yaradılması gözlənilir.

İnvestisiya təşviqi sənədi sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 7 il müddətinə əldə olunan mənfəətin və ya gəlirin 50 faizindən, layihələr çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan, investisiya vəsaiti hesabına əldə edilmiş əmlaka görə əmlak vergisindən, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə isə torpaq vergisindən azad edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər