7 C
Baku
Tuesday, January 13, 2026

Venesueladan neft tədarükü tam dayandırılsa, Kubanın ciddi çətinliklərlə üzləşəcəyi gözlənilir

Kubalılar Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Venesuela neftinin Kuba üçün həyati əhəmiyyət daşıyan tədarük kanalını bağlamaqla bağlı verdiyi vədlərin nəticələrinə hazırlaşırlar. Bu addım artıq ciddi elektrik enerjisi kəsintilərindən və resurs çatışmazlığından əziyyət çəkən ada üçün mühasirə vəziyyəti yarada bilər.

Venesuelanın “PDVSA” şirkətinin məlumatına görə, bir vaxtlar Kubaya neftin və yanacağın əsas tədarükçüsü olan bu ölkə təxminən bir aydır ki, müvafiq məhsulları adaya göndərmir.

“Reuters” agentliyi yazır ki, tədarükün azalması yanvarın əvvəlində Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən əvvəl ABŞ tərəfindən tətbiq edilən blokada ilə bağlı olub.

2025-ci ildə Venesuela Kubaya ən böyük neft tədarükçüsü olub və sutkada 26 min 500 barel neft ixrac edib ki, bu da adanın gündəlik tələbatının təxminən üçdə birini təşkil edib. Ondan sonra sutkada təxminən 5 min barel tədarük edən Meksika qərarlaşıb.

Texas Universitetinin Ostin şəhər kampusunun enerji üzrə tədqiqatçısı Xorxe Pinon bildirib: “Venesueladan neft tədarükünün tam dayanması şəraitində Kubanın qarşıdakı bir neçə ayı necə keçirə biləcəyini göstərən tunelin sonunda işıq görmürəm”.

Donald Tramp ABŞ-ın Venesuelaya son müdaxiləsinin Kubanı uçurumun kənarına sürüklənməsinə səbəb olacağı ilə bağlı gözləntilərini gizlətməyib. Son günlərdə isə o, ölkəni “nə qədər gec deyil” razılaşma bağlamağa çağıraraq, ada üzərində təzyiqi daha da artırıb.

Neft idxalının kəskin azalması fonunda Kuba Prezidenti Migel Dias-Kanelin və ölkənin kommunist hökumətinin nə qədər davam gətirə biləcəyi məsələsi hazırda ərzaq, dərman və yanacaq tapmaqda ciddi çətinliklərlə üzləşən ada sakinləri üçün əsas suallardan birinə çevrilib.

“Reuters” qeyd edir ki, Kubanın iqtisadi fəallığın zəif olduğu ucqar əyalətlərində yerləşən kəndlərin əsas hissəsi artıq XIX əsr həyatının karikaturasını xatırladır. Burada bir çox kəndlərdə, hətta şəhərlərdə nəqliyyat vasitəsi kimi at arabalarından və velosipedlərdən istifadə olunur, internet fasilələrlə işləyir, elektrik enerjisi fasilələrlə verilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər