Yaponiya korporasiyası “Mitsubishi” ABŞ-nin Luiziana və Texas ştatlarında şist qazı hasilatı ilə məşğul olan “Aethon Energy Management” şirkətinin aktivlərini və onun səhmdarlarının paylarını təxminən 5,2milyard dollara alacaq. Bu barədə yapon şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Mitsubishi Aethon Energy Management” və “Aethon”un mövcud səhmdarları ilə ümumi məbləği təxminən 5,2 milyard dollar olan səhm kapitalına investisiya barədə razılığa gəlib”, — deyə açıqlamada bildirilir.
Şirkət aktivlərin alınmasını iyun ayınadək başa çatdırmağı planlaşdırır. Mətbuat xidmətində vurğulanıb ki, bu razılaşma “Mitsubishi”nin ABŞ şist qazı bazarına çıxışını ifadə edir. “Bloomberg”in məlumatına görə, sövdələşmə ABŞ-də şist qazı sahəsində yapon şirkətləri üçün indiyədək ən iri razılaşma olacaq.
“Mitsubishi”nin məlumatına əsasən, “Aethon” tərəfindən işlənilən yataqlarda sutkada təxminən 59,5 milyon kubmetr təbii qaz hasil olunur ki, bu da ildə təxminən 15 milyon ton mayeləşdirilmiş təbii qaza (LNG) bərabərdir. “Aethon” ABŞ-nin cənub bölgələrini qazla təmin edir. Qazın həmçinin Avropa və Asiya ölkələrinə, o cümlədən dünyada LNG-nin ikinci ən böyük idxalçısı olan Yaponiyaya ixracı planlaşdırılır.
Şist qazı təbii qazın (metanın) bir növüdür. O, çöküntü süxurların — yanar şistlərin və ya sıx qumdaşlarının — xırda məsamələrində yerləşir.







