3 C
Baku
Monday, January 19, 2026

“PAŞA Bank” səhmlərini birjaya çıxarır – İLK DƏFƏ

Azərbaycanın ən iri korporativ bankı “PAŞA Bank” ASC səhm buraxır.

Banker.az-ın əldə etdiyi məlumata görə, hazırda “PAŞA Bank” ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. Bildirilir ki, səhmlərlə bağlı ümumi açıqlamalar, həcm, nominal dəyər və hədəflərə dair məsələ 2026-cı ilin 28 fevralında keçiriləcək açıqlamada mətbuata geniş şəkildə təqdim ediləcək.

Bu, ABB-dən sonra Bakı Fond Birjasında səhm buraxan ikinci kommersiya bankı olacaq.

Hazırda bankın bir səhminin nominal dəyəri 33 300 manatdır. İlkin ehtimallara görə, bank IPO çərçivəsində pərakəndə investorların sayını artırmaq məqsədilə split, yəni səhmlərin bölünməsi prosesinə gedə bilər.

Bank 2024-cü il üzrə audit olunmuş hesabatında 214.5 mln. manat xalis mənfəət əldə edib.

“PAŞA Bank” səhmdarlarına 2022-ci ildə 30 mln. manat, 2023-cü ildə 60 mln. manat, 2024-cü ildə 154.22 mln. manat, 2025-ci ildə isə 40 mln. manat həcmində dividend ödəyib. Bu isə ümumilikdə son 4 ildə 284 mln. manatlıq dividend deməkdir. Beləliklə, bir səhmin dividend üzrə gəlirliliyi ümumilikdə 8 528 manat, illik isə təqribən orta hesabla 6%-dən yuxarı gəlirlilik təşkil edir.

Bankın özü tərəfindən tərtib edilən maliyyə hesabatına görə, “PAŞA Bank” ASC 2025-ci ildə əsas maliyyə göstəriciləri üzrə yüksəliş nümayiş etdirir. Bankın cəmi gəlirləri faiz və qeyri-faiz gəlirləri hesabına təxminən 808 mln. manat təşkil edib. İl ərzində xalis mənfəət 149 mln. manat səviyyəsində olub.

Hesabat dövrünün sonunda bankın cəmi aktivləri 9.41 mlrd. manata yüksəlib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 3.43 mlrd. manat olub ki, bunun 3.11 mlrd. manatı real iqtisadiyyata yönəldilmiş biznes kreditlərinin payına düşür. Kredit portfelinin genişlənməsi kreditlər üzrə faiz gəlirlərinin artmasına şərait yaradıb və bu göstərici 302 mln. manat səviyyəsinə çatıb.

Bankın cəmi kapitalı 2025-ci ilin sonuna təxminən 918 mln. manat olub. Bunun 355 mln. manatı nizamnamə kapitalı, 505 mln. manatı isə bölüşdürülməmiş mənfəət hesabına formalaşıb.

Son xəbərlər
Digər xəbərlər