2025-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvəti tarixi maksimuma çataraq 18,3 trilyon ABŞ dolları təşkil edib.
Bu barədə beynəlxalq “Oxfam” təşkilatı məlumat yayıb.
“Hazırda dünyadakı milyarderlərin ümumi sərvəti 18,3 trilyon dollara çatıb ki, bu da tarixdə qeydə alınmış ən yüksək göstəricidir. 2025-ci ildə bu sərvət 16 faizdən çox artıb ki, bu da son beş ilin orta artım tempindən üç dəfə sürətlidir”,- təşkilatın hesabatında qeyd olunur.
2020-ci ildən bu yana milyarderlərin sərvəti ümumilikdə inanılmaz dərəcədə – 81 faiz artıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, dünyada milyarderlərin sayı da artaraq ilk dəfə 3 min nəfəri ötüb. “Bununla yanaşı, dünyada hər dörd nəfərdən biri yetərsiz qidalanmadan əziyyət çəkir, dünya əhalisinin demək olar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır”, – materialda qeyd olunur.





