“Amazon” 30 min iş yerinin azaldılması hədəfi çərçivəsində ixtisarların ikinci mərhələsini keçirməyi planlaşdırır. Bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Gözlənilir ki, şirkət oktyabrda olduğu kimi, təxminən 14 min əməkdaşı ixtisar edəcək. Agentliyin yazdığına görə, işdən çıxarılma bildirişlərinin yanvarın 27-dən etibarən elektron poçt vasitəsilə göndərilməsinə başlanıla bilər.
Yeni ixtisarlar “Amazon Web Services” (AWS), pərakəndə ticarət, “Prime Video” və kadrların idarə olunması (People Experience and Technology) bölmələrindəki iş yerlərinə təsir göstərəcək. Dəyişikliklərin tam detalları hələ açıqlanmayıb. Mənbələr “Amazon”un planlarını dəyişə biləcəyi barədə də xəbərdarlıq ediblər.
2025-ci il oktyabrın 27-də məlum olub ki, “Amazon” xərcləri azaltmaq məqsədilə 28 oktyabrdan başlayaraq 30 minə qədər korporativ iş yerini ixtisar etməyi planlaşdırır. Bu ixtisarlar ümumi işçi sayı 1,55 milyondan çox olan şirkətdə 350 min korporativ vəzifənin təxminən 10%-ni əhatə edir.






