®Biznes proseslərində sürət və çeviklik tələblərinin artması mobil həllərin əhəmiyyətini getdikcə yüksəldir. Bu gün bir çox şirkət üçün əməliyyatların fasiləsizliyi birbaşa mobil bağlantıdan asılıdır. İşgüzar yazışmalar, əməliyyatların koordinasiyası, məlumatların paylaşılması və uzaqdan iş modelləri artıq əsasən mobil cihazlar üzərindən həyata keçirilir. Bu da mobil data istifadəsini gündəlik iş fəaliyyətinin ayrılmaz hissəsinə çevirir və şirkətləri tarif seçimlərinə daha praktik yanaşmağa vadar edir.
Azercell də xidmətlərini bu yeni reallığa uyğunlaşdırır. Şirkətin yaydığı məlumata əsasən 25.02.2026-cı il tarixindən etibarən Azercell korporativ müştəriləri üçün nəzərdə tutulan “Biznesim” tarif paketlərinin istifadə şərtlərində dəyişikliklər edəcək. Əsas yenilik paketlər çərçivəsində təqdim edilən internet həcminin artmasıdır.
Məsələn, “Biznesim 3GB” paketində cari şərtlərdə 3 GB internet, 700 ölkədaxili danışıq dəqiqəsi və 500 SMS ilə təqdim olunurdu. Yeni şərtlərdə isə tarif “Biznesim 4GB” ilə əvəz edilir – internet həcmi artıq 4 GB təqdim olunur, ölkədaxili dəqiqələr 700 olaraq saxlanılır. Qiymət isə cüzi artımla 14 ₼-dən 15 ₼-ə yüksəlmişdir. Yəni cəmi 1 ₼-ə mobil operator müştərisinə əlavə 1GB təklif edir.
Daha yüksək paketlərdə isə optimallaşdırılmış şərtlər daha da nəzərə çarpandır. Məsələn, “Biznesim 15GB” paketi “Biznesim 20GB” ilə əvəz edilir, əsas internet həcmi 15 GB-dan 20 GB-a çatdırılıb, axşamdan səhərədək istifadə üçün əlavə 3GB həcmində internet təqdim edilir və bu dəyişikliklər üçün müştərilərdən ayda əlavə cəmi 2 ₼ tutulur. “Biznesim 55GB” paketində olan müştərilər isə “Biznesim 60GB” tarifinə keçid edir, internet həcmi 55 GB-dan 60 GB-a qədər artırır, qiymət fərqi isə yenə cəmi 2 AZN.
Bununla yanaşı, yeni “Biznesim 8”, “Biznesim 12” və “Biznesim 20” paketləri çərçivəsində əsas internet həcmindən əlavə olaraq gecə istifadəsi üçün ayrıca trafik təqdim olunur. Sözügedən gecə interneti müvafiq olaraq 1 GB, 2 GB və 3 GB təşkil edir, 00:01–08:00 saatları arasında aktivdir və bütün internet fəaliyyətləri üçün istifadə oluna bilər.
“Biznesim” paketlərində limitsiz şirkətdaxili zəng imkanı əvvəl olduğu kimi saxlanılır.






