7 C
Baku
Wednesday, January 28, 2026

WSJ: “SoftBank” “OpenAI”yə əlavə $30 milyard investisiya qoyur

“SoftBank” ChatGPT çat-botunun yaradıcısı olan “OpenAI”yə əlavə olaraq 30 milyard dollara qədər investisiya yatırmaqla bağlı danışıqlar aparır. Bu barədə müzakirələrdən xəbərdar mənbələrə istinadən “The Wall Street Journal” yazır. “Bloomberg” isə qeyd edir ki, yapon şirkətinin yatırımlarının bu qədər kəskin artırılması onun qurucusu Masayoşi Sonun süni intellekt sahəsində aparıcı rol oynamaq ambisiyalarını əks etdirir.

“Bloomberg” mənbələrinin sözlərinə görə, 30 milyard dollar “SoftBank”ın “OpenAI”yə yeni investisiyalar üçün nəzərdən keçirdiyi maksimal məbləğdir. Danışıqlar davam edir və maliyyələşmənin həcmi dəyişə bilər. “SoftBank” nümayəndələri isə şərh verməkdən imtina ediblər.

Yanvarın 28-də Tokio Fond Birjasında keçirilən ticarət zamanı “SoftBank”ın səhmləri pik nöqtədə 8,8% bahalaşaraq 4 408 yenə (28,9 dollar) çatıb. Ticarətin bağlanışına yaxın artım tempi zəifləyərək 3,7% təşkil edib.

“Bloomberg” yazır ki, “OpenAI” ən azı 50 milyard dollarlıq yeni maliyyələşmə raundu keçirməyi planlaşdırır və şirkətin qiymətləndirilməsi təxminən 750–830 milyard dollar ola bilər. WSJ isə “OpenAI”nin 100 milyard dollara qədər vəsait cəlb edərək qiymətləndirməni 830 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirir. Hər iki nəşrin mənbələrinə görə, danışıqlar hələ ilkin mərhələdədir və şərtlər dəyişə bilər.

WSJ qeyd edir ki, “OpenAI” kapitalı, o cümlədən Yaxın Şərq ölkələrinin suveren fondlarından cəlb etməyi planlaşdırır. “Bloomberg”in məlumatına görə, şirkətin baş direktoru Sem Altman regionun ən böyük investorları ilə görüşlər keçirir.

Son dövrlərdə “SoftBank” süni intellekt sahəsinə yatırımlarını kəskin artırıb. 2025-ci il ərzində yapon şirkəti “OpenAI”yə artıq 41 milyard dollar sərmayə yatırıb və bununla şirkətdə təxminən 11% pay əldə edib. Bundan başqa, “SoftBank” ABŞ-nin çip istehsalçısı “Ampere Computing” şirkətini 6,5 milyard dollara alıb, eləcə də ABB-nin robototexnika bölməsini 5,4 milyard dollara almaq barədə razılığa gəlib.

Bu sövdələşmələri maliyyələşdirmək üçün “SoftBank” “T-Mobile US”dəki payını azaldıb, “Nvidia”dakı payından tam çıxı.

“S&P Global Ratings” xəbərdarlıq edib ki, “SoftBank”ın süni intellektə yatırımları və 2025-ci ilin sonunda ARM səhmlərinin kəskin ucuzlaşması şirkətin kredit qabiliyyətinə təzyiqi artırıb. Hazırda “SoftBank”ın kredit reytinqi BB+ səviyyəsindədir.

Son xəbərlər
Digər xəbərlər