“İpək Yolu Sığorta” 2025-ci ili 885 481 manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 1 milyon 568 min manat olub ki, bu da illik müqayisədə 43.5% azalma deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
2025-ci ildə “İpək Yolu Sığorta”nın gəlirləri 7 milyon 412 min manat (əvvəlki ilə nisbətən 19.5% az), xərcləri 6 milyon 305 min manat (əvvəlki ilə nisbətən 13% az), mənfəət vergisi ödəmələri isə 221 370 manat təşkil edib. (43.5% az)
İpək Yolu Sığorta”nın 2026-cı ilin yanvar ayı üzrə hesabatına görə, şirkət avtomobil və hava nəqliyyat vasitələrinin sığortası ilə yanaşı mülki məsuliyyət sığortası üzrə də xidmət göstərib. Avtomobil nəqliyyat vasitələrinin sığortası üzrə 1 055 777 manat sığorta haqqı hesablanıb, ödənişlər 118 618 manat, zərərliyin dərəcəsi 41% təşkil edib. Mülki məsuliyyət sığortası üzrə isə 1 405 478 manat sığorta haqqı müəyyən edilib, zərərliyin dərəcəsi 28% olub.
Ötən il “İpək Yolu Sığorta”nın aktivləri 22 milyon 694 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 336 377 manat azalaraq 6 milyon 718 min manata düşüb, kapitalı isə 359 533 manat azalaraq 15 milyon 977 min manata düşüb.
Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.






