5 C
Baku
Thursday, January 29, 2026

Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqların sayının 39-a çatdırılması planlaşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dəmir yolu infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.

ADY-dən bildirilib ki, dövlət proqramında Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

“2025-ci ildə adıçəkilən dəmir yolu xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Bakı–Xırdalan–Sumqayıt xəttinin təkmilləşdirilməsi məqsədilə Dərnəgül dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Keşlə stansiyasına dayanacaq verilməsi, eləcə də Binəqədi dayanacağının yaradılması nəzərdə tutulur.

Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi, bu istiqamətdə dəmir yolu xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmir yolu dayanacaqlarının yaradılması və Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır”, – deyə ADY-dən bildirilib.

Qeyd edilib ki, Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7 dayanacaq və stansiyasının inşası və ya bərpası, Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiya və dayanacağın inşası və ya bərpası planlaşdırılır: “Hazırda istifadədə olan xətlər boyunca yaradılması nəzərdə tutulan dayanacaqların ilkin olaraq yerləri müəyyən olunub. Dayanacaqların yerləri müəyyənləşdirilərkən həmin ərazidə əhalinin yerləşməsi, relyef, stansiyalararası məsafə və digər amillər nəzərə alınır. Abşeron dairəvi marşrutu üzrə 14 stansiya və dayanacaq sərnişinlərimizin ixtiyarındadır. Bu marşrut üzrə istifadədə olan xətlərdə Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Dərnəgül, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması hesabına bu say 21-ə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 39-a çatdırılması planlaşdırılır”, – deyə vurğulanıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər