2024-cü ildə “Diamed Medical Group”a daxil olan “Diamed Hospital” və ya hüquqi adı ilə “İdeal Tibb Şirkəti” MMC-nin əsas əməliyyat gəlirləri 13,06 mln. manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 190% artım deməkdir.
Banker.az xəbər verir ki, istifadə edilmiş material ehtiyatları xərcləri 2024-cü ildə 6,04 mln. manat təşkil edərək illik müqayisədə 743% artıb, işçi heyəti üzrə xərclər isə 612,46 min manat olub, bu da 50% azalma deməkdir. Amortizasiya xərcləri 405,96 min manatla əvvəlki ilə nisbətən 12% azalıb, digər əməliyyat xərcləri isə 2,2 mln. manat təşkil edərək 75% artım göstərib.
Bütün bunların nəticəsində şirkətin əməliyyat mənfəəti 3,84 mln. manat olub ki, bu da 2023-cü ilə nisbətən 387% artım deməkdir. Maliyyə xərcləri 214,59 min manat olub. Vergi xərcləri 725,91 min manata çataraq illik müqayisədə 361% artım göstərib.
Nəticədə, “İdeal Tibb Şirkəti”nin hesabat dövründə xalis mənfəəti 2,9 mln. manat təşkil edib və 2023-cü ildəki 630,05 min manatdan 361% artıb.






