Niderlandın pivə istehsalçısı “Heineken” qarşıdakı iki il ərzində işçi heyətinin 7%-ni ixtisar etməyi planlaşdırır. Bu barədə şirkətin 2025-ci il üzrə hesabatında bildirilir.
Ötən il satış həcmləri əvvəlki ildəki 1,6%-lik artımla müqayisədə 1,2% azalıb. Gəlirlər isə 3,6% geriləyib. Şirkət 2026–2027-ci illərdə “məhsuldarlığın artımını sürətləndirmək” məqsədilə 5–6 min nəfəri işdən azad etməyi planlaşdırır. Hazırda şirkətdə dünya üzrə təxminən 85 min nəfər çalışır.
Şirkətin baş direktoru Dolf van den Brink nəticələri belə şərh edib:
“Bizim prioritetimiz məhsuldarlığı artırmaq və iş proseslərinin alqoritmlərini dəyişmək yolu ilə artımı sürətləndirməkdir. Bu isə yaxın iki ildə xərclərin azaldılmasını nəzərdə tutur. Bu addımlar əməyin səmərəliliyini yüksəldəcək və istehsal proseslərini sürətləndirəcək. Eyni zamanda, pivə bazarının qısamüddətli perspektivdə vəziyyəti ilə bağlı gözləntilərimizdə ehtiyatlı qalırıq”.
Şirkət 2026-cı ildə qlobal pivə bazarında vəziyyətin ciddi dəyişikliklərə məruz qalmayacağını gözləyir.





