Azərbaycanın Bakı Fond Birjası (BFB) qarşıdan gələn bankın ilkin kütləvi səhm təklifi (IPO) və Əbu-Dabi ilə rəqəmsal tərəfdaşlıq hesabına sürətli artımı və xarici kapitalın cəlbini hədəfləyir.
Banker.az xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bu barədə Reuters-ə müsahibəsində bildirib.
Hazırda səhm bazarının kapitallaşması Azərbaycanın ümumi daxili məhsulunun cəmi 3%-nə bərabərdir. Xəlilovun sözlərinə görə, bu göstərici 2027-ci ilin ortalarına qədər 5%-ə, 2030-cu ilə qədər isə 10%-ə yüksələcək.
O qeyd edib ki, birja repo əməliyyatlarının üstünlük təşkil etdiyi modeldən uzaqlaşaraq IPO-lar və beynəlxalq ticarət platformaları ilə rəqəmsal inteqrasiya hesabına daha geniş səhm və istiqraz bazarının inkişafına yönəlir.
2025-ci ildə birjada ümumi dövriyyə 64 mlrd. manat (37.5 mlrd. dollar) təşkil edib ki, bu da əvvəlki ildəki 71 mlrd. manata (41.7 mlrd. dollar) nisbətən azdır. Bu azalma repo seqmentinin ayrılması ilə əlaqədar olub.
Bununla belə, əsas bazar seqmentlərində artım qeydə alınıb. Belə ki, dövlət qiymətli kağızları üzrə dövriyyə 58.1%, daxili korporativ bazarda aktivlik isə 5.26% artıb.
“Bizim məqsədimiz sadəcə repo həcmlərini artırmaq deyil. Repo əsasən bank sektorunun likvidliyini və Maliyyə Nazirliyinin əməliyyatlarını əks etdirir. Biz bazarın əsaslarını — səhm və dövlət qiymətli kağızları seqmentlərini gücləndirməyə fokuslanmışıq,” — deyə Xəlilov bildirib.

Əsas artım drayverlərindən biri ölkənin sistem əhəmiyyətli ən böyük banklarından biri olan Paşa Bankın planlaşdırılan IPO-su olacaq.
Xəlilovun sözlərinə görə, listinq ümumi bazar kapitallaşmasını 25-30% artıra bilər.
Bank yaz mövsümündə səhmlərinin 5%-ni əsasən pərakəndə investorlar üçün təklif etməyi planlaşdırdığını açıqlayıb.
“Paşa Bank”ın Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birlikdə bazarda təmsil olunması likvidlik üçün ikili mühərrik yaradacaq. İnvestorlar bir neçə “mavi fişka” (blue-chip) səhm arasında seçim edə bildikdə, investisiya simvolik deyil, strateji xarakter daşıyır,” — deyə Xəlilov vurğulayıb.
Bu aydan etibarən birja Əbu-Dabi Qiymətli Kağızlar Birjası tərəfindən yaradılmış “Tabadul” rəqəmsal mərkəzi ilə tam inteqrasiyaya başlayacaq. Bu, brokerlər üçün qarşılıqlı bazar çıxışını təmin edəcək və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər iştirakçı bazarlar arasında əlaqəni gücləndirəcək.
Xəlilov həmçinin BFB-nin Dünya Birjalar Federasiyasına tamhüquqlu üzv qəbul edilməsini şəffaflığın artırılması və beynəlxalq standartlara uyğunlaşma baxımından mühüm addım kimi qiymətləndirib.
BFB 2026-cı ilin sonuna qədər istiqrazların təkrar bazarında tam rəqəmsal ticarəti işə salmağı planlaşdırır. 2027-ci ilin ilk yarısında isə repo əməliyyatlarının birjadankənar (OTC) bazardan elektron ticarət platformasına keçirilməsi və birja sistemlərinin mobil bank tətbiqlərinə inteqrasiyası nəzərdə tutulur.
“Məqsədimiz pərakəndə investorların bir kliklə səhm və ya istiqraz ala bilməsini təmin etməkdir,” — deyə Xəlilov bildirib.
2025-ci ildə ən sürətlə böyüyən seqmentlərdən biri də səhm bazarının təkrar ticarəti olub və bu göstərici 70% artıb. Hazırda bazarda təxminən 16 000 səhm və 7 000 istiqraz mövcuddur.
“2030-cu ilə qədər Azərbaycanın kapital bazarı milli iqtisadiyyatın tam inteqrasiya olunmuş və şəffaf sütununa çevrilə, maliyyə alətlərinin məhdud spektrindən asılılığı azalda bilər,” — deyə Xəlilov əlavə edib.






