8 C
Baku
Wednesday, February 18, 2026

ABŞ-nin büdcə kəsiri 2026-cı maliyyə ilində 1,85 trilyon dollara çatacaq

ABŞ-nin 2026-cı maliyyə ilində (30 sentyabrda başa çatır) büdcə kəsiri cüzi artaraq 1,853 trilyon dollar və ya ÜDM-in 5,8%-i səviyyəsində olacaq. Bu barədə Konqresin Büdcə İdarəsi (CBO) proqnoz verib.

2025-ci maliyyə ilinin yekunlarına görə mənfi saldo 2,3% azalaraq 1,775 trilyon dollara (yenə də ÜDM-in 5,8%-i) düşüb.

CBO-nun gözləntilərinə əsasən, növbəti on il ərzində kəsirin ÜDM-ə nisbəti orta hesabla 6,1% olacaq və 2036-cı maliyyə ilində 6,7%-ə çatacaq.

ABŞ-nin dövlət borcu 2036-cı maliyyə ilində 56,152 trilyon dollara (ÜDM-in 120%-i) yüksələcək. Müqayisə üçün, ötən maliyyə ilində bu göstərici 30,172 trilyon dollar (ÜDM-in 99%-i) olub. 2030-cu ildə borcun ÜDM-ə nisbətinin 108%-ə çataraq əvvəlki 106%-lik rekordu (1946-cı ildə, İkinci Dünya müharibəsindən sonra qeydə alınmışdı) üstələyəcəyi gözlənilir.

ABŞ-də rekord büdcə kəsiri 2020-ci maliyyə ilinin sonunda qeydə alınıb — 3,1 trilyon dollar. Sonuncu dəfə büdcə profisitlə 2001-ci maliyyə ilində bağlanıb.

İdarənin ekspertlərinin proqnozuna görə, ABŞ iqtisadiyyatı 2026-cı təqvim ilində 2,2% artacaq, növbəti on ildə isə illik artım orta hesabla 1,8% təşkil edəcək. ÜDM artımı 2035-ci ildə 1,8%, 2045-ci ildə 1,5%, 2055-ci ildə isə 1,4% səviyyəsində proqnozlaşdırılır.

İnflyasiyanın (PCE indeksi) bu il 2,7%, 2027-ci ildə 2,3%, 2028 və 2029-cu illərdə isə 2,1% olacağı gözlənilir. Daha sonra göstərici Federal Ehtiyat Sisteminin (FED) 2%-lik hədəfinə enəcək və proqnoz dövrünün sonuna qədər həmin səviyyədə qalacaq.

Onillik dövlət istiqrazları üzrə faiz dərəcələri 2026-cı ildə orta hesabla 4,1%, 2027–2030-cu illərdə 4,3%, daha sonra isə 4,4% səviyyəsində olacaq.

Son xəbərlər
Digər xəbərlər